Oktyabrın 20-də Azərbaycan Dillər Universitetində Kolumbiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Nelsi Rakel Munar Xaramilyo və Kolumbiyanın ədəbiyyat nümayəndələri qonaq olub.
“Tehsil365” xəbər verir ki, ADU-nun rektoru, akademik Kamal Abdulla qonaqları salamlayıb, onları universitetdə görməkdən məmnun olduğunu bildirib.
Görüş zamanı Kamal Abdulla Azərbaycan və Kolumbiya arasında mövcud olan dostluq münasibətlərinin inkişafından söz açıb, elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Rektor Azərbaycan Dillər Universitetinin beynəlxalq əlaqələrinin daim genişləndiyini qeyd edərək, Kolumbiyanın ali təhsil müəssisələri ilə mümkün əməkdaşlıq perspektivləri barədə fikirlərini bölüşüb.
Akademik Kamal Abdulla səfirə ADU-da tədris olunan xarici dillər, həyata keçirilən beynəlxalq layihələr və tələbələrin müxtəlif ölkələrin tarixi və mədəniyyəti ilə yaxından tanış olması istiqamətində görülən işlər barədə məlumat verib.
Görüşdə Azərbaycan və Kolumbiya universitetləri arasında tələbə və müəllim mübadiləsi, birgə elmi layihələrin həyata keçirilməsi, eləcə də akademik əlaqələrin qurulması imkanları müzakirə olunub.
Kolumbiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Nelsi Rakel Munar Xaramilyo səmimi qəbula görə təşəkkürünü bildirib, iki ölkə arasında əlaqələrin inkişafında təhsil və mədəniyyət sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Səfir, həmçinin ADU ilə Kolumbiyanın ali təhsil müəssisələri arasında əlaqələrin qurulması və qarşılıqlı təcrübə mübadiləsinin aparılması istiqamətində əməkdaşlığa marağını ifadə edib.
Görüş qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi və gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi ilə davam edib.

