Oktyabrın 20-də Finlandiya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kirsti Narine və Estoniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tiina Nirk Azərbaycan Dillər Universitetində qonaq olublar.
“Tehsil365” xəbər verir ki, ADU-nun rektoru, akademik Kamal Abdulla qonaqları salamlayıb, onları universitetdə görməkdən məmnun olduğunu bildirib.
Qeyd olunub ki, son illər ölkələr arasında sıx iqtisadi, siyasi, elmi və mədəni əlaqələr mövcuddur.
Bildirilib ki, ADU-da iyirimidən çox dil tədris olunur, beynəlxalq əlaqələr inkişaf edir.
Görüş zamanı Azərbaycan Dillər Universitetinin beynəlxalq əlaqələrinin genişləndirilməsi, Finlandiya və Estoniya universitetləri ilə əməkdaşlıq imkanları, tələbə və müəllim mübadiləsi, birgə elmi layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub.
Akademik Kamal Abdulla ADU-nun xarici dillərin tədrisinə, müxtəlif ölkələrin mədəniyyətlərinin öyrənilməsinə və beynəlxalq akademik əlaqələrin inkişafına xüsusi önəm verdiyini vurğulayıb. O, universitetin beynəlxalq əməkdaşlıq sahəsində yeni təşəbbüslərə açıq olduğunu diqqətə çatdırıb.
Finlandiya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kirsti Narine və Estoniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tiina Nirk səmimi qəbula görə təşəkkürlərini bildirərək Azərbaycan Dillər Universiteti ilə əməkdaşlığın perspektivləri barədə fikirlərini bölüşüblər.
Diplomatlara ADU-nun “Səfir saatı” layihəsi haqqında məlumat verilib.
Qeyd olunub ki, layihə çərçivəsində müxtəlif ölkələrin Azərbaycandakı diplomatik nümayəndəliklərinin rəhbərləri universitetdə tələbələrlə görüşür, təmsil etdikləri ölkələrin tarixi, mədəniyyəti, təhsil sistemi və beynəlxalq əlaqələri barədə məlumat paylaşırlar.
Rektor Kamal Abdulla Finlandiya və Estoniya səfirlərini də “Səfir saatı” layihəsində iştirak etməyə dəvət edib. O, bu cür görüşlərin tələbələrin dünyagörüşünün genişlənməsinə, müxtəlif ölkələr haqqında biliklərinin artırılmasına və mədəniyyətlərarası dialoqun inkişafına töhfə verdiyini vurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq imkanları nəzərdən keçirilib.

