Naxçıvan Dövlət Universitetində Azərbaycan Respublikası ədliyyə nazirinin müavini, Məhkəmə-Hüquq Şurasının üzvü Abiddin Hüseynovla görüş keçirilib.
“Tehsil365” xəbər verir ki, Əvvəlcə Naxçıvan Dövlət Universiteti və Ədliyyə Nazirliyinin nümayəndələri arasında hüquq təhsilinin inkişafı, “Hüquqşünaslıq” ixtisası üzrə kadr hazırlığı, təhsilin keyfiyyətinin yüksəldilməsi və tələbələrin peşəkar inkişafı məsələləri müzakirə olunub.
Daha sonra Abiddin Hüseynov Beynəlxalq münasibətlər və hüquq fakültəsinin tələbələri ilə görüşüb.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev 1996-cı ildən universitetdə “Hüquqşünaslıq” ixtisası üzrə kadr hazırlığının həyata keçirildiyini bildirib. Rektor qeyd edib ki, ötən dövrdə universitet çoxsaylı məzunlar yetişdirib və onların məhkəmə sistemində, ədliyyə orqanlarında, eləcə də digər dövlət qurumlarında fəaliyyət göstərməsi sevindirici haldır. Rektor məzunların müxtəlif qurumlarda keçirilən qəbul imtahanlarında yüksək nəticələr əldə etməsini kadr hazırlığının uğurlu göstəricilərindən biri kimi dəyərləndirib.
Abiddin Hüseynov çıxışında Ədliyyə Nazirliyinin əsas fəaliyyət istiqamətləri, o cümlədən qanunvericilik, məhkəmə və digər orqanların qərarlarının icrası, məhkəmə ekspertizası, notariat, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, eləcə də bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verib. Həmçinin Nazirliyin fəaliyyət istiqamətləri üzrə rəqəmsallaşma və süni intellektin tətbiqindən bəhs edib. Nazir müavini tələbələrə bilik və bacarıqlarını daim inkişaf etdirməyi, nəzəri biliklərini praktiki təcrübə ilə möhkəmləndirməyi, elmi fəaliyyətə və mütaliəyə xüsusi diqqət yetirməyi tövsiyə edib. Görüş tələbələrin suallarının cavablandırılması ilə davam edib.
Sonda qonaqlar universitetin Beynəlxalq münasibətlər və hüquq fakültəsi, Məhkəmə ekspertizası və kriminalistika laboratoriyası ilə tanış olublar. Laboratoriyanın fəaliyyəti, tədris prosesində praktiki məşğələlərin təşkili və tələbələrin peşəkar hazırlığında rolu barədə məlumat verilib.

