Dövlət Proqramı təqaüdçüləri Nəzrin Balayeva və Nihat Hacıyev tərəfindən Massaçusets Texnologiya İnstitutunda (MIT) Azərbaycanlı Tələbələr Birliyi yaradılıb.
“Tehsil365” AZƏRTAC-a istinadən xəbər verir ki, MIT daxilində fəaliyyət göstərən tələbə təşkilatının məqsədi Azərbaycanın mədəniyyəti, tarixi və müasir inkişafı haqqında məlumatlılığı artırmaq, ölkəmizi layiqincə təmsil etmək və mədəniyyətlərarası dialoqu təşviq etməkdir.
Birlik azərbaycanlı tələbələrlə yanaşı, Azərbaycan və bütövlükdə Qafqaz regionu ilə maraqlanan MIT icmasının digər üzvləri üçün də açıq platforma kimi fəaliyyət göstərir. Təşkilat müxtəlif mədəniyyətlərdən olan tələbələr arasında ünsiyyət və əməkdaşlığı genişləndirməyi, universitet daxilində Azərbaycanla bağlı təşəbbüslərdə iştirak imkanları yaratmağı hədəfləyir.
Təşkilatın idarə heyətində Dövlət Proqramı təqaüdçüsü Nəzrin Balayeva prezident və həmtəsisçi, Nihat Hacıyev isə vitse-prezident və həmtəsisçi kimi təmsil olunur. Onlar birliyin strateji fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi, fəaliyyət planının hazırlanması, tədbirlərin təşkili və universitetdə azərbaycanlı tələbə icmasının təmsilçiliyi ilə bağlı işlərin əlaqələndirilməsində iştirak edirlər. Birliyin əsas fəaliyyət istiqamətlərinə mədəni, sosial və maarifləndirici tədbirlərin təşkili, Azərbaycan mədəniyyətinin və milli dəyərlərinin tanıdılması, milli bayramların və əlamətdar günlərin qeyd olunması daxildir. Təşkilat, həmçinin azərbaycanlı tələbələr arasında əlaqələrin möhkəmləndirilməsinə, akademik və peşəkar şəbəkələşmə imkanlarının genişləndirilməsinə xidmət edir.
Birlik Massaçusets Texnologiya İnstitutunda azərbaycanlı tələbələri bir araya gətirməyi və gələcək illərdə də fəaliyyətini davam etdirəcək Azərbaycan icmasının formalaşmasına töhfə verməyi qarşıya məqsəd qoyub.

