XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Azərbaycan Milli Kitabxanasında Türkiyə, Estoniya və İordaniya milli kitabxanalarının ədəbiyyat bölmələrinin açılışı, həmçinin Azərbaycan Milli Kitabxanası ilə Serbiya Milli Kitabxanası arasında qarşılıqlı əməkdaşlığa dair Memorandumun imzalanması mərasimi baş tutub.
“Tehsil365” xəbər verir ki, bu barədə AZƏRTAC-a Azərbaycan Milli Kitabxanasından məlumat verilib.
Bildirilib ki, tədbirdə Serbiya Milli Kitabxanasının direktoru Yasmina Ninkoviç, Estoniya Milli Kitabxanasının baş direktoru Martin Öövel, İordaniya Milli Kitabxanasının baş direktoru Firas Atallah Məhəmməd Darabah, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Kitabxanalar və Nəşrlər üzrə Baş direktoru Taner Beyoğlu, Estoniyanın ölkəmizdəki səfiri Tiina Nirki, İordaniya Haşimilər Krallığının səfiri Ömər Bərəkət Əl-Nahar, Serbiya səfirliyinin müşaviri Yasmina Yaziç, Türkiyə səfirliyinin mətbuat müşaviri Cihangir İşbilir və digər qonaqlar iştirak ediblər.
Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov tədbirin ölkələr arasında ədəbi-mədəni əlaqələrin inkişafı, milli kitabxanalar arasında əməkdaşlığın möhkəmləndirilməsi və beynəlxalq kitab mübadiləsinin genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.
Professor Kərim Tahirov Türkiyə, Estoniya və İordaniya milli kitabxanalarının ədəbiyyat bölmələrinin açılmasının həmin ölkələrin milli ədəbiyyatının, tarixi-mədəni irsinin və mənəvi dəyərlərinin Azərbaycan oxucularına daha geniş şəkildə təqdim olunmasına imkan yaradacağını bildirib. O, Türkiyə ədəbiyyatı guşəsinin on il əvvəl yaradıldığını xatırladaraq, yenilənmiş guşənin daha geniş və müasir məkanda fəaliyyət göstərəcəyini diqqətə çatdırıb.
Çıxışında yeni ədəbiyyat bölmələrinin əhəmiyyətinə toxunan direktor bu məkanların yalnız kitab fondlarının nümayişi üçün nəzərdə tutulmadığını, eyni zamanda, mədəni dialoqun, elmi-informasiya mübadiləsinin və beynəlxalq kitabxana əməkdaşlığının inkişafına xidmət etdiyini qeyd edib. O, gələn il Serbiya ədəbiyyatı guşəsinin açılışının planlaşdırıldığını bildirərək bu cür təşəbbüslərin səfirliklər tərəfindən mədəni tədbirlərin keçirilməsi üçün də əlverişli şərait yaradacağını vurğulayıb. Professor, həmçinin Azərbaycan ədəbiyyatının xaricdə tanıdılması məqsədilə tərəfdaş dövlətlərin milli kitabxanalarında Azərbaycan ədəbiyyatı guşələrinin yaradılmasının mühüm perspektiv daşıdığını diqqətə çatdırıb.
Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Kitabxanalar və Nəşrlər üzrə Baş direktoru Taner Beyoğlu çıxış edərək dəvətə görə təşəkkürünü bildirib. O, Azərbaycan və Türkiyə arasında tarixi köklərə əsaslanan mədəni əlaqələrin əhəmiyyətini qeyd edərək kitabxanalararası əməkdaşlığın bu münasibətlərin inkişafına töhfə verdiyini diqqətə çatdırıb.
İordaniya Milli Kitabxanasının baş direktoru Firas Atallah Məhəmməd Darabah qarşılıqlı ədəbiyyat guşələrinin yaradılmasının ölkələr və xalqlar arasında mədəni-intellektual əlaqələrin inkişafına, milli ədəbi irsin tanıdılmasına və dostluq münasibətlərinin möhkəmləndirilməsinə xidmət etdiyini bildirib. O, bu təşəbbüslərin mədəni əməkdaşlığın davamlılığının təmin olunmasında mühüm rol oynadığını vurğulayıb.
Estoniya Milli Kitabxanasının baş direktoru Martin Öövel Estoniya ədəbiyyatı bölməsinin açılışında iştirakından məmnunluğunu ifadə edərək yeni bölmənin Estoniya ilə Azərbaycan arasında mədəni əlaqələrin genişləndirilməsi, ədəbiyyat və informasiya mübadiləsinin inkişafı, eləcə də xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi baxımından əhəmiyyətini qeyd edib.
Mərasim çərçivəsində Azərbaycan Milli Kitabxanası ilə Serbiya Milli Kitabxanası arasında qarşılıqlı əməkdaşlığa dair Memorandum imzalanıb. Sənəd milli kitabxanalar arasında institusional əlaqələrin inkişaf etdirilməsi, peşəkar təcrübə mübadiləsinin genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi üçün geniş imkanlar açır.
Tədbir iştirakçıları Azərbaycan Milli Kitabxanasında yaradılmış yeni ədəbiyyat bölmələri, onların fəaliyyəti və təqdim olunan nəşrlərlə tanış olublar.
Sonda qonaqlarla xatirə şəkli çəkdirilib və onlar üçün Azərbaycan Milli Kitabxanasının fotoalbomu təqdim edilib.

