Qərbi Azərbaycanın tarixi-mədəni irsi müasir dekorativ-tətbiqi sənət nümunələri vasitəsilə ABŞ-da tanıdılır.
“Tehsil365” xəbər verir ki, bu barədə “AZƏRTAC”a açıqlamasında layihə rəhbəri, araşdırmaçı, tətbiqi sənət ustası, Azərbaycan Rəssamlar İttifaqının üzvü İsgəndər Sərdarlı bildirib.
Onun sözlərinə görə, Sərdarlı ailəsinin ərsəyə gətirdiyi “Urud abidələri”, “Dərələyəzim vəhdətdə”, “Turan yolu Zəngəzurum” və “Mirzə Qədim İrəvani işığı” kolleksiyalarına daxil olan sənət əsərləri Vaşinqtonda keçirilən beynəlxalq tədbirlər çərçivəsində ABŞ ictimaiyyətinə təqdim olunub. Nümunələr Amerika Dövlətləri Təşkilatının mənzil-qərargahında təşkil edilən sərgi proqramında, Azərbaycan–Amerika Ticarət Palatasının iştirakı ilə keçirilən Azərbaycan Mədəniyyəti Günündə, eləcə də Vaşinqtonda təşkil olunan ənənəvi 24-cü Türk Festivalında nümayiş etdirilib.
İsgəndər Sərdarlı qeyd edib ki, bu təqdimatların əsas məqsədi Qərbi Azərbaycanın tarixi yaddaşını, memarlıq irsini və milli-mədəni dəyərlərini müasir tətbiqi sənətin ifadə imkanları ilə beynəlxalq auditoriyaya çatdırmaqdır. Tarixi memarlıq və digər abidələrin fiziki olaraq qorunub saxlanmadığı şəraitdə onların yaddaşını yaşadan bədii nümunələr həmin irsin tanıdılması və gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Oktyabrın 19-da “Urud abidələri” kolleksiyasına daxil olan “Urudun ailə şəfəqi” adlı mücrü Corc Vaşinqton Universitetinin Muzeyi və Toxuculuq Muzeyinə (The George Washington University Museum and The Textile Museum) hədiyyə olunub. Sənət əsərini muzey direktorunun xüsusi köməkçisi Ana Kiss qəbul edib. Bu təqdimat Azərbaycan dekorativ-tətbiqi sənətinin müasir nümunələrinin ABŞ-ın nüfuzlu elmi-mədəni mühitində tanıdılması baxımından mühüm addımdır.
Layihə rəhbəri vurğulayıb ki, təqdim olunan kolleksiyalar tarixi irsin yalnız keçmişə aid məlumat kimi deyil, müasir yaradıcılıqda yaşadılan və yeni auditoriyalara çatdırılan canlı mədəni dəyər kimi dərk edilməsinə xidmət edir.
Xatırladaq ki, bu fəaliyyət Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım İctimai Birliyi tərəfindən icra olunan “Artterapiya: sağlamlığın və mədəniyyətin keşiyində” layihəsi çərçivəsində reallaşdırılıb.

