Qırğızıstan Respublikasının paytaxtı Bişkekdə Türkiyə Cümhuriyyətinin Mədəniyyət və Turizm Nazirliyi, Qırğızıstan Respublikasının Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti Nazirliyi, Qırğızıstan-Türkiyə Manas Universiteti, Türk Arxeoloji və Mədəni Miras İnstitutunun təşkilatçılığı ilə “Türk Dünyası arxeologiyası, araşdırma ve arxeometriya simpoziumu” təşkil edilmişdir.
“Tehsil365” ,science.gov.az a istinadən xəbər verir ki simpoziumun işində AMEA Arxeologiya və Antropologiya İnstitutunun “Xəzər arxeologiyası” şöbəsinin müdiri, t.e.d, professor Abbas Seyidov və t.ü.f.d., dosent Leyla Rüstəmova “Xəzər dənizinin səviyyə dəyişmələri üçün Süni İntellekt bazasında Platforma - Selinus Pilot Layihəsi”, “İlk Tunc dövrü arxeologiyası” şöbəsinin müdiri, t.ü.f.d., dosent Səfər Aşurov “Azərbaycanın Şimal-Şərqində yeni arxeoloji araşdırmalat və onların Türk tarixində yeri” adlı məruzələrlə ilə çıxış etmişlər. Həmçinin simpoziumun işində İnstitutun elmi işçisi Pəri Ağayevanın “Azərbaycan türklərində ənənəvi dəfn adətlərinin müasir təzahürü: Arxeoloji və Etnoqrafik yanaşma”, t.ü.f.d., dosent Bəhlul İbrahimli, böyük elmi işçilər Lola Hüseynova və Sevinc Hüseynovanın həmmüəllifləri olduqları “Xaraba Gilan abidə kompleksinin 2 saylı türbəsi: Elxanilər dövründə memarlıq, dəfn adətləri və maddi mədəniyyət” adlı məruzələri onlayn şəkildə dinlənilmişdir.
Eyni zamanda simpoziumda AMEA-nın Naxçıvan Bölməsindən AMEA-nın müxbir üzvü professor Vəli Baxşəliyevin “Naxçıvanda Halaf və Ubeyd mədəniyyətlərinin izləri” adlı məruzəsi canlı olaraq, elmi işçi Elmar Baxşəliyevin isə “Gəmiqaya petroqliflərində Yaxın Şərq motivləri” adlı məruzəsi isə onlayn dinlənilmişdir.
Məruzəçilər Türk Dünyasının müxtəlif ölkələrindən Bişkekə toplaşmış elm adamlarına Azərbaycan arxeologiyasının son illər əldə etdiyi nailiyyətlər barədə geniş məlumat vermişlər.

