XII Bakı Beynəlxalq Kitab Sərgisinin açılış mərasimi keçirilib. Kitab və mütaliə mədəniyyətinin təbliği, ədəbi əlaqələrin genişləndirilməsi və nəşriyyat sahəsində yeniliklərin təqdim olunması baxımından mühüm əhəmiyyət daşıyan sərgidə dövlət rəsmiləri, mədəniyyət və ədəbiyyat nümayəndələri, diplomatik korpusun təmsilçiləri, yazıçılar, şairlər və digər qonaqlar iştirak ediblər.
Bu barədə “Tehsil365”ə Respublika Gözdən Əlillər Kitabxanasından məlumat verilib bildirib ki, açılış mərasimində mədəniyyət naziri Adil Kərimli, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli, Milli Məclisin deputatları, Mədəniyyət Nazirliyinin digər rəsmiləri və çoxsaylı qonaqlar iştirak ediblər.
Sərgi çərçivəsində mədəniyyət naziri Adil Kərimli Respublika Gözdən Əlillər Kitabxanasının stendini ziyarət edib. Ziyarət zamanı kitabxananın direktoru Şəhla Vəliyeva nazirə kitabxananın fonduna yeni daxil olmuş nəşrlər, o cümlədən səsləndirilmiş kitablar barədə məlumat verərək həmin nəşrləri təqdim edib.
Təqdimat zamanı görmə məhdudiyyətli şəxslərin mütaliə imkanlarının genişləndirilməsi, onların informasiya resurslarına əlçatanlığının təmin edilməsi və müasir kitabxana xidmətlərinin inkişafı baxımından bu nəşrlərin əhəmiyyəti diqqətə çatdırılıb.
Respublika Gözdən Əlillər Kitabxanasının sərgidə iştirakı xüsusi qayğıya ehtiyacı olan oxucuların informasiya və mədəniyyət resurslarına çıxış imkanlarının təşviqi, inklüziv mütaliə mühitinin tanıdılması və kitabxananın fəaliyyət istiqamətlərinin geniş ictimaiyyətə təqdim olunması baxımından əhəmiyyət daşıyır.
Sərginin yerli fəxri yazarları Xalq şairi Sabir Rüstəmxanlı və uşaq yazıçısı Reyhan Yusifqızı, xarici fəxri yazarları isə iranəsilli yazıçı Pərinuş Sənii və Böyük Britaniya yazıçısı Darren Simpsondur.

