Kitab və mütaliə mədəniyyətinin təbliği, yeni nəşrlərin təqdimatı və oxucuların kitaba marağının artırılması məqsədi daşıyan sərgidə kitabxana öz stendi ilə təmsil olunur.
Bu barədə “Tehsil365”ə Respublika Gözdən Əlillər Kitabxanasından məlumat verilib bildirib ki, sərgi çərçivəsində Respublika Gözdən Əlillər Kitabxanasının fəaliyyəti, fonduna daxil olan nəşrlər və görmə məhdudiyyətli şəxslərin mütaliə imkanlarının genişləndirilməsi istiqamətində görülən işlər ziyarətçilərin diqqətinə çatdırılır.
Kitabxananın sərgidə iştirakı görmə məhdudiyyətli şəxslərin informasiya resurslarına əlçatanlığının təmin edilməsi, səsləndirilmiş nəşrlərin əhəmiyyətinin təbliği və inklüziv mütaliə mədəniyyətinin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır.
Sərgi zamanı mədəniyyət naziri Adil Kərimli də Respublika Gözdən Əlillər Kitabxanasının stendini ziyarət edib. Kitabxananın direktoru Şəhla Vəliyeva nazirə kitabxananın fonduna yeni daxil olmuş nəşrləri, o cümlədən səsləndirilmiş kitabları təqdim edərək onlar barədə məlumat verib.
Respublika Gözdən Əlillər Kitabxanası sərgidə iştirakı ilə kitabın və mütaliənin hər kəs üçün əlçatan olmasının vacibliyini bir daha diqqətə çatdırır, görmə məhdudiyyətli oxucuların informasiya və ədəbiyyata çıxış imkanlarının genişləndirilməsinə töhfə verir.

