Azərbaycan Dillər Universiteti 21-27 oktyabr tarixlərində keçirilən XII Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunur.
“Tehsil365” xəbər verir ki, Universitetin sərgidə iştirakı elmi və ədəbi irsin təbliği, mütaliə mədəniyyətinin inkişafı və kitabxana-nəşriyyat əlaqələrinin genişləndirilməsi baxımından əhəmiyyət daşıyır.
Müxtəlif ölkələrdən nəşriyyatları, müəllifləri və kitabsevərləri bir araya gətirən sərgi yeni nəşrlərlə tanışlıq və təcrübə mübadiləsi üçün əlverişli imkan yaradır. ADU-nun Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzi üçün belə tədbirlərdə təmsil olunmaq tədris və tədqiqat prosesinə uyğun resursların müəyyənləşdirilməsi, kitabxana fondunun zənginləşdirilməsi imkanlarının öyrənilməsi baxımından xüsusi önəm kəsb edir.
Sərgidə İtalyanın Azərbaycandakı səfiri Luka Di Canfrançesko, Almaniyanın səfir müavini Theresa Lünümann, Kolumbiyanın ölkəmizdəki səfiri Nelsi Rakel Munar Xaramilyo və Kolumbiyanın ədəbiyyat nümayəndələri, Mədəniyyət naziri Adil Kərimli, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Milli Məclisin deputatları, Xalq şairi Sabir Rüstəmxanlı, Bakı Slavyan Universitetinin rektoru prof. Anar Nağıyev, Bakı Dövlət Universitetinin rektoru prof. Elçin Babayev, Mingəçevir Dövlət Universitetinin rektoru prof. Anar Eminov və ADPU-nun Filologiya fakültəsinin dekanı dosent Könül Həsənova stendimizi ziyarət edərək akademik nəşrlərlə tanış oldular.
Sərgidə iştirak universitetdə kitaba və mütaliəyə marağın artırılmasına, elmi-mədəni əlaqələrin inkişafına xidmət edir. ADU kitabın bilik mənbəyi və mədəniyyətlərarası dialoq vasitəsi kimi rolunun gücləndirilməsini fəaliyyətinin mühüm istiqamətlərindən biri hesab edir.

