Azərbaycan Dillər Universitetinin (ADU) İngilis-fransız fakültəsinin tələbəsi Əminə Hüseynova 2025–2026-cı tədris ilinin payız semestrində ORHUN mübadilə proqramı çərçivəsində Türkiyənin Atatürk Universitetində təhsil alıb.
“Tehsil365” xəbər verir ki, Ə.Hüseynova Türkiyədə ORHUN mübadilə proqramı çərçivəsində keçirdiyi beş ayın onun üçün həm akademik, həm də şəxsi inkişaf baxımından çox dəyərli təcrübə olduğunu bildirib.
O, bu müddət ərzində fərqli təhsil mühiti ilə tanış olmaq, yeni biliklər qazanmaq, fərqli mədəniyyətləri yaxından tanımaq və yeni insanlarla ünsiyyət qurmaq fürsəti əldə etdiyini qeyd edib. Türkiyədə keçirdiyi günlərin dünyagörüşünün genişlənməsinə, müstəqilliyinin artmasına və gələcək hədəflərinə daha inamla yanaşmasına kömək etdiyini vurğulayıb.
Ə.Hüseynova proqramın ona yalnız yeni biliklər deyil, həm də gözəl xatirələr, dəyərli dostluqlar və unudulmaz təcrübələr qazandırdığını bildirib. Eyni zamanda, beynəlxalq mübadilə proqramlarının tələbələrin inkişafında və xalqlar arasında mədəni əlaqələrin möhkəmləndirilməsində mühüm rol oynadığını bir daha anladığını qeyd edib.
Tələbə ona bu fürsətin yaradılmasına görə universitetinə və müəllimlərinə təşəkkürünü bildirib, gələcək tələbələrin də belə imkanlardan yararlanmasını arzulayıb.

