Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) dəstəyi və universitetin təşkilatçılığı ilə həyata keçirilən “Ignite” İnkubasiya proqramı çərçivəsində “Pre-Demo Day” tədbiri keçirilib.
“Tehsil365” xəbər verir ki, Tədbirin əsas məqsədi komandaların Demo Day öncəsi layihələrini təqdim etməsi, pitch çıxışlarının qiymətləndirilməsi və layihələrin təkmilləşdirilməsi üçün rəy və tövsiyələr alınması olub.
Tədbirdə ADNSU-nun Startup və Texnologiya Transferi Ofisinin müdiri Əhməd Əhmədzadə, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin layihə meneceri Nigar Davud, “Ignite” İnkubasiya proqramının mentorları – Odlar Yurdu Universitetinin Startup və İnkubasiya Mərkəzinin rəhbəri Rəvanə Göyüşlü və ADNSU-nun Startup və TTO şöbəsinin aparıcı mütəxəssisi Qədim Qədimov iştirak ediblər.
Müzakirələr zamanı komandaların ideyalarının, biznes modellərinin və pitch təqdimatlarının təkmilləşdirilməsi, eləcə də layihələrin inkişaf perspektivlərinin daha dəqiq müəyyənləşdirilməsi üçün rəy və tövsiyələr verilib. Bu tövsiyələr komandaların layihələrdə zəruri düzəlişlər etməsinə, mövcud çatışmazlıqları aradan qaldırmasına və qarşıdakı Demo Day təqdimatlarına daha yaxşı hazırlaşmasına yönəlib.
Qeyd edək ki, “Ignite” İnkubasiya proqramının əsas məqsədi gənclərin innovativ ideyalarının inkişaf etdirilməsini, sahibkarlıq bacarıqlarının gücləndirilməsini və ideyaların dayanıqlı biznes modellərinə çevrilməsini dəstəkləməkdir. Proqramın yekununda komandaların fəaliyyəti mentor rəyləri və yekun təqdimatlar əsasında qiymətləndiriləcək. Ən uğurlu üç komanda müvafiq olaraq 6 000, 5 000 və 4 000 manat məbləğində pul mükafatı ilə təltif olunacaq.

