Forumun ilk günündə AEA prezidenti Elçin Xəlilovun açılış nitqindən sonra Nobel mükafatı laureatları Rae Kwon Chung (Cənubi Koreya) və Takaaki Kajita (Yaponiya), UNESCO Elm laureatı Atta-ur-Rahman, Özbəkistan, Pakistan, Tacikistan, Gürcüstan, Monqolustan və Başqırdıstanın elmi qurumlarının rəhbərləri, eləcə də digər tanınmış alimlər çıxış edərək forumun əhəmiyyəti və elmi əməkdaşlığın perspektivləri barədə fikirlərini bölüşüblər.
“Tehsil365” xəbər verir ki, Səfər çərçivəsində rektor Ədalət Muradov Nobel mükafatı laureatı, professor Rae Kwon Chung ilə görüşərək əməkdaşlıq imkanlarını müzakirə edib. Beynəlxalq “Global Energy Prize” Komitəsinin sədri, Ban Ki-Moon Fondunun direktoru və İnçon Milli Universitetinin fəxri professoru olan Rae Kwon Chung-un UNEC-ə səfəri və universitetdə müvafiq mövzular üzrə müzakirələrin təşkili barədə razılıq əldə olunub.
Forumda professor Rae Kwon Chung “30 COP təcrübəsindən əldə olunan nəticələr və yeni baxış” (“Lessons Learned from 30 COPs & A New Vision”) mövzusunda çıxış edib. O, karbon emissiyalarına görə məsuliyyətin müəyyənləşdirilməsində inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasındakı fərqləri nəzərə alan yeni metodologiyanın tətbiqini təklif edib.
Qeyd edək ki, forum elmi və texnoloji əməkdaşlığın genişləndirilməsi, qlobal çağırışlara birgə həll yollarının axtarılması və Asiya ölkələri arasında elmi əlaqələrin inkişafı baxımından mühüm platformadır.

