Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) həyata keçirdiyi “Mədəniyyət rüzgarı” layihəsi davam edir.
“Tehsil365” AZƏRTAC-a istinadən xəbər verir ki, Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə layihə çərçivəsində Quba, Xaçmaz, Siyəzən və Şabran rayonlarında silsilə tədbirlər keçiriləcək.
Oktyabrın 23-də Şabran rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında muzey əməkdaşları üçün təlimlərə start veriləcək. Daha sonra kitabxana əməkdaşları üçün “KOHA AKİS-in funksional imkanları və onlardan səmərəli istifadə yolları” mövzusunda, Siyəzən şəhər Uşaq İncəsənət Məktəbində isə musiqi və incəsənət məktəblərinin müəllimləri üçün “Tədris sənədləşməsi” adlı təlim təşkil olunacaq.
Layihə çərçivəsində musiqi ixtisasları üzrə ustad dərsləri də nəzərdə tutulur. Oktyabrın 26-da Xaçmaz şəhər Uşaq Musiqi Məktəbində fortepiano və violin ixtisasları üzrə ustad dərsləri keçiriləcək.
Oktyabrın 28-də isə Heydər Əliyev adına Xaçmaz rayon Mədəniyyət Mərkəzində “Sənət dialoqu” layihəsi çərçivəsində Xalq artisti, tarzən Elçin Həşimovun iştirakı ilə görüş təşkil olunacaq.
Oktyabrın 30-da Quba şəhər Uşaq İncəsənət Məktəbində tar və qarmon ixtisasları üzrə ustad dərsləri ilə “Mədəniyyət rüzgarı” layihəsi başa çatacaq.
Xatırladaq ki, MEMİM-in ötən ildən həyata keçirdiyi “Mədəniyyət rüzgarı” layihəsinin ilk tədbirləri 2025-ci ilin aprelində Gəncə şəhərində, növbəti silsilə tədbirləri isə həmin ilin oktyabrında Qarabağ bölgəsində reallaşıb.

