“Uşaqların sağlam inkişafında yuxu rejimi, düzgün həyat tərzi və stressdən uzaq mühit mühüm rol oynayır. Lakin müasir dövrdə artan dərs yükü, imtahan gərginliyi və smartfon istifadəsi bəzi problemlərə səbəb ola bilər”.
Bu sözləri” Tehsil365”ə müsahibəsində nevropotoloq İlham Cavadov məktəbli və tələbələrin sağlamlığı ilə bağlı vacib məqamlara diqqət çəkib.
– Dərs yükü, imtahan həyəcanı və stress şagird və tələbələrin sağlamlığına necə təsir edir?
– “Çox mənfi təsir edir. İndi uşaqlar çox tez-tez smartfondan istifadə edirlər. Telefonun həddindən artıq istifadəsi uşaqlara zərər verir. Üstəlik, bəzi dərslər də telefon vasitəsilə keçirilir. Bu da onların ekran qarşısında daha çox vaxt keçirməsinə səbəb olur. Uşaqların sağlam inkişafında yuxu rejimi, düzgün həyat tərzi və stressdən uzaq mühit mühüm rol oynayır”.
– İmtahan dövründə yaranan həyəcanı normal stressdən fərqləndirən əlamətlər hansılardır?
– (Gülür.) “İmtahandan sonra həyəcan keçib gedirsə, bu normaldır. İmtahandan əvvəl yaranan həyəcan və qorxu da təbii haldır, yəni narahatlıq doğuran vəziyyət hesab olunmur”.
– Valideynlər və müəllimlər hansı əlamətləri gördükdə uşağı nevropatoloqa aparmağı düşünməlidirlər?
–“ Əgər uşaqda daimi qorxu və təşviş varsa, əlləri tərləyirsə, üzü qızarırsa və bunlar yalnız imtahan ərəfəsində deyil, gündəlik həyatda da müşahidə olunursa, mütləq nevropatoloqa göstərilməlidir. Uşağa söz deyiləndə donub qalırsa, baxışlarını bir nöqtəyə və ya ora-bura zilləyirsə, bu da diqqət yetirilməli əlamətlərdir. Belə hallarda nevropatoloqa müraciət etmək lazımdır. Heç olmasa psixoloqa aparmaq olar. Düzdür, psixoloq həkim deyil, amma uşağın vəziyyətinin qiymətləndirilməsi baxımından faydalı ola bilər”.

