Son dövrlərdə onkoloji xəstəliklərlə bağlı maarifləndirmənin əhəmiyyəti artır. Xəstəliyin erkən mərhələdə aşkarlanması müalicənin effektivliyi baxımından mühüm rol oynayır. Bu baxımdan məktəb və universitetlərdə sağlam həyat tərzi, düzgün qidalanma və xərçəng xəstəliyinin risk faktorları ilə bağlı maarifləndirici tədbirlərin keçirilməsi vacibdir.
Dosent, tibb üzrə fəlsəfə doktoru, həkim-onkoloq Fərid Museyibov “Tehsil365”ə açıqlamasında bildirib ki, onkoloji xəstəliklərin yaranmasına təsir edən amillərdən biri də qidalanma vərdişləridir.
Onun sözlərinə görə, fast-food, çips, emal olunmuş ət məhsulları, energetik içkilər, eləcə də tütün və elektron siqaret istifadəsi sağlamlıq üçün risk yaradan amillər sırasındadır.
Həkim qeyd edib ki, xəstəliyin erkən aşkarlanması müalicənin uğurlu nəticələnməsi baxımından xüsusi əhəmiyyət daşıyır:
“Biz hər zaman deyirik ki, erkən diaqnoz can qurtarır. Bu, bizim şüarımızdır. Təəssüf ki, yanımıza gələn xəstələrin 10 nəfərindən 7-8-i xəstəliyin üçüncü və dördüncü mərhələlərində müraciət edir. Birinci və ikinci mərhələlərdə müraciət edənlər isə çox azdır”.
Fərid Museyibovun sözlərinə görə, maarifləndirici aksiyaların sayının artırılması insanların xəstəlik barədə məlumatlılığının yüksəlməsinə, vaxtında müayinədən keçməsinə və erkən diaqnoz imkanlarının genişlənməsinə kömək edə bilər.
O vurğulayıb ki, məktəb və universitetlərdə də belə tədbirlərin keçirilməsi vacibdir. Çünki cəmiyyətin onkoloji xəstəliklər barədə məlumatlılığı artırılmalı, xüsusilə gənclər sağlam həyat tərzinin əhəmiyyəti və xəstəliyin risk faktorları haqqında məlumatlandırılmalıdır.
Həkim, həmçinin Bakıda son altı ay ərzində aparıldığını bildirdiyi statistikaya toxunaraq qeyd edib ki, əvvəllər ürək-damar xəstəlikləri birinci sırada olduğu halda, hazırda onkoloji xəstəliklərin ilk sıraya keçdiyini göstərən məlumatlar var.
Sonda Fərid Museyibov vaxtında tibbi müayinələrdən keçməyin və xəstəlik aşkarlandıqda müalicəyə gecikmədən başlamağın əhəmiyyətini vurğulayıb.

