Oktyabrın 22-də Naxçıvan Muxtar Respublikasının təhsil naziri Ovni Muradov Təhsil Nazirliyinin birbaşa tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına tam orta məktəbin pedaqoji kollektivi ilə görüşüb.
“Tehsil365” xəbər verir ki, görüşdə məktəbdə təhsilin keyfiyyətinin yüksəldilməsi, təlim-tərbiyə prosesinin müasir tələblərə uyğun təşkili və şagirdlərin hərtərəfli inkişafının təmin olunması məsələləri müzakirə edilib.
Təhsil naziri ümummilli lider Heydər Əliyevin adını daşıyan məktəbdə yüksək təhsil göstəricilərinin əldə edilməsinin, şagirdlərin bilik və bacarıqlarının inkişaf etdirilməsinin, müstəqil düşünmə qabiliyyətlərinin formalaşdırılmasının vacibliyini vurğulayıb. O, tədris imkanlarından səmərəli istifadə olunmasının, fənlərin tədris keyfiyyətinin mütəmadi təhlil edilməsinin və şagird nailiyyətlərinin davamlı şəkildə artırılmasının əhəmiyyətini diqqətə çatdırıb.
Ovni Muradov müəllimlərin vəzifəsinin yalnız bilik verməklə məhdudlaşmadığını, eyni zamanda milli-mənəvi dəyərlərə bağlı, vətənpərvər və müasir dünyagörüşünə malik şəxsiyyətlərin yetişdirilməsini də əhatə etdiyini bildirib.
Görüş zamanı məktəbin mövcud nailiyyətləri, tədrisin təşkili vəziyyəti və qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılıb. Təhsil naziri təhsilin keyfiyyətinin yüksəldilməsi, tədris prosesinin səmərəliliyinin artırılması və məktəbin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verib.
Qeyd edək ki, 2004-cü ildə inşa edilən Heydər Əliyev adına tam orta məktəbdə hazırda 1200-ə yaxın şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 80 müəllim məşğul olur. Məktəbdə müasir sinif otaqları, kompüter sinifləri, STEAM otağı, elektron lövhələrlə təchiz olunmuş siniflər, laboratoriyalar, şahmat otağı və idman zalı fəaliyyət göstərir.
2025–2026-cı tədris ilində məktəbi bitirən şagirdlərin 72 faizi ali təhsil müəssisələrinə qəbul olunub.

