Azərbaycanın Rusiyadakı səfirliyində “Azərbaycanın çay mədəniyyəti və qonaqpərvərlik ənənələri” adlı mədəni-maarifləndirici tədbir keçirilib.
“Tehsil365” xəbər verir ki, görüş Moskva Beynəlxalq Qadınlar Klubu çərçivəsində təşkil olunub.
Tədbirdə klubun üzvləri, Rusiyada akkreditə olunmuş xarici diplomatik korpus təmsilçilərinin həyat yoldaşları, eləcə də Moskva şəhəri və vilayətində yaşayan Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.
Qonaqlara Azərbaycanın müxtəlif bölgələrinə məxsus milli geyimlər nümayiş etdirilib. İnteraktiv təqdimat Azərbaycan xalq musiqisi və rəqsləri ilə müşayiət edilib. Mədəni proqram çərçivəsində “Qarabağ” Qafqaz rəqsləri məktəbinin kollektivi çıxış edib.
Tədbirdə Azərbaycanın çay süfrəsi ənənələrinə xüsusi diqqət yetirilib. İştirakçılara çayın milli mədəniyyətimizdəki yeri barədə məlumat verilib, onun dəmlənməsi və süfrəyə təqdim olunma qaydaları nümayiş etdirilib. Qeyd olunub ki, Azərbaycanda çay mərasimi qonaqpərvərliyin, dostluğun və ünsiyyətin rəmzidir.
Səfirlik adından qonaqlara ölkəmizin mədəni irsinə göstərdikləri marağa görə təşəkkür olunub. Belə görüşlərin xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsində, mədəniyyətlərarası dialoqun və humanitar əlaqələrin inkişafında mühüm rol oynadığı vurğulanıb.
Tədbirin hazırlanmasında və keçirilməsində iştirakına görə “Dostluq-Drujba” Mədəni və Maarifləndirici Tədbirlərə Dəstək və Təşkilat Mərkəzinin rəhbəri Ulduz Əsgərovaya, onun müavini Rəna İsmayılovaya və “Qarabağ” Qafqaz rəqsləri məktəbinin kollektivinə ayrıca təşəkkür bildirilib.
Moskva Beynəlxalq Qadınlar Klubunun nümayəndələri Azərbaycanın mədəniyyəti və ənənələri ilə daha yaxından tanış olmaq imkanı yaratdıqlarına görə tədbir təşkilatçılarına minnətdarlıqlarını ifadə ediblər.
Görüş Azərbaycan milli şirniyyatlarının dequstasiyası ilə başa çatıb.

