Azərbaycanın Braziliyadakı səfirliyinin təşkilatçılığı ilə Ekvadorun Kito şəhərində tanınmış pianoçu, Azərbaycanın Əməkdar artisti, professor Nərgiz Əliyarovanın solo konserti baş tutub.
“Tehsil365” xəbər verir ki, şəhərin tarixi binalarından biri olan “Palacio de Najas” sarayında keçirilən konsert Azərbaycan musiqisinin Ekvador ictimaiyyətinə təqdim olunması baxımından əlamətdar hadisəyə çevrilib.
Tədbir Azərbaycanın Ekvadordakı səfiri Rəşad Novruzun və Ekvadorun xarici işlər nazirinin müavini Efrain Bausun açılış nitqləri ilə başlayıb.
Konsert proqramında əsasən Azərbaycan bəstəkarlarının, o cümlədən Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Firəngiz Əlizadə, Faiq Sücəddinov və Lalə Cəfərovanın yaradıcılığından nümunələr, həmçinin Azərbaycan xalq musiqisi və Qərbi Avropa bəstəkarlarının əsərləri səsləndirilib. Nərgiz Əliyarova Faiq Sücəddinovun “Vətən haqqında ballada” əsərinin ifasını Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının əziz xatirəsinə həsr edib.
Konsert zamanı pianoçu ifa etdiyi əsərlər haqqında dinləyicilərə məlumat verərək onları Azərbaycan musiqisinin zəngin ənənələri və görkəmli bəstəkarların yaradıcılığı ilə tanış edib. O, həmçinin milli musiqi irsimizin daxili özünəməxsusluğundan və dünya mədəniyyətindəki yerindən söz açıb.
Tədbirdə Ekvador Xarici İşlər Nazirliyinin yüksək vəzifəli şəxsləri, mədəniyyət nazirinin müavini, digər hökumət üzvləri, akademik və ictimai-siyasi dairələrin təmsilçiləri, mədəniyyət xadimləri, Ekvadorda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri (Fransa, Çin, Yaponiya, Kanada, Misir, Müqəddəs Taxt-Tac və s. səfirləri), eləcə də Azərbaycan icmasının üzvləri iştirak ediblər.
Dinləyicilər tərəfindən böyük rəğbətlə qarşılanan konsert Azərbaycan mədəniyyətinin Latın Amerikasında tanıdılması və iki ölkə arasında mədəni əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edib.
Tədbir diplomatik qəbulla yekunlaşıb.

