Oktyabrın 22-də Bakı Ekspo Mərkəzində XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov Kolumbiyanın ölkəmizdəki səfiri Nelsi Rakel Munar Xaramiyo, kolumbiyalı şair Mariya del Sokorro Veles Kaye və nəşriyyatçı-redaktor Monika Patrisiya Montes Ferrando ilə görüşüb.
“Tehsil365” xəbər verir ki, görüşdə Azərbaycan ilə Kolumbiya arasında ədəbi-mədəni əlaqələrin inkişafı, milli kitabxanalar arasında əməkdaşlığın genişləndirilməsi, beynəlxalq kitab mübadiləsi və hər iki ölkə ədəbiyyatının qarşılıqlı təbliği məsələləri müzakirə olunub.
Professor Kərim Tahirov qonaqları Azərbaycan Milli Kitabxanasının fəaliyyəti, beynəlxalq əlaqələri və reallaşdırılan layihələr haqqında ətraflı məlumat verib. O, milli kitabxanaların mədəni irsin qorunmasında və xalqlararası dialoqun inkişafında mühüm rol oynadığını vurğulayıb.
Söhbət zamanı Azərbaycan Milli Kitabxanası ilə Kolumbiya Milli Kitabxanası arasında 2023-cü il dekabrın 6-da imzalanmış əməkdaşlıq Memorandumunun əhəmiyyəti xüsusi qeyd olunub. Sənəd çərçivəsində kitab və informasiya mübadiləsinin genişləndirilməsi, qarşılıqlı ədəbiyyat guşələrinin yaradılması, peşəkar təcrübə mübadiləsi və birgə mədəni tədbirlərin təşkili imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə kolumbiyalı şair Mariya del Sokorro Veles Kaye yaradıcılığı və beynəlxalq ədəbi layihələrdə iştirakı, nəşriyyatçı Monika Patrisiya Montes Ferrando isə rəhbərlik etdiyi “Mo Ediciones” nəşriyyatının fəaliyyəti və Kolumbiyada nəşriyyat sektorunun inkişafı barədə danışıblar.
Kolumbiyanın Azərbaycandakı səfiri Nelsi Rakel Munar Xaramiyo iki ölkə arasında mədəni-ədəbi əlaqələrin daha da dərinləşdirilməsinin vacibliyini vurğulayaraq bu istiqamətdəki təşəbbüslərə hər zaman dəstək göstərməyə hazır olduğunu bildirib.
Görüşün sonunda kolumbiyalı qonaqlar Milli Kitabxananın fonduna nəşrlər hədiyyə ediblər.

