Almaniya-Azərbaycan Forumunun təşkilatçılığı ilə Berlində “İRS” nəşriyyatının kitablarının və “İRS/Erbe” jurnalının təqdimatı keçirilib.
“Tehsil365” xəbər verir ki, Berlinin mərkəzində yerləşən “Q-Gallery” incəsənət qalereyasında keçirilən tədbirdə siyasət, iqtisadiyyat və mədəniyyət sahələrinin nümayəndələri iştirak ediblər.
Təqdimat zamanı Azərbaycanın zəngin tarixi-mədəni irsi, eləcə də Azərbaycan-Almaniya münasibətlərinin inkişaf perspektivləri diqqətə çatdırılıb.
Almaniya-Azərbaycan Forumunun sədri, Federal İqtisadi İnkişaf və Xarici Ticarət Assosiasiyasının qlobal xarici əlaqələr üzrə baş müvəkkili doktor Urs Unkauf tədbiri açaraq ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni əlaqələrin əhəmiyyətini vurğulayıb. Bildirilib ki, iki ölkə arasında əməkdaşlıq, xüsusilə enerji sahəsində getdikcə genişlənir. Azərbaycanın Avropanın enerji keçidinə və yaşıl enerji təchizatına töhfəsi də qeyd olunub.
Sonra Almaniya-Azərbaycan Forumunun idarə heyətinin üzvü Enrico Seevald çıxış edib. O, “İRS/Erbe” jurnalının fəaliyyəti, müxtəlif illərdə nəşr olunmuş nömrələri və Azərbaycan-Almaniya arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsindəki rolu barədə danışıb. Enrico Seevald, həmçinin jurnal üçün Berlin və Bakı arasındakı siyasi-diplomatik münasibətlərin keçmişi və bu günü haqqında analitik məqalələr yazdığını bildirib.
Tədbirdə yazıçı Vüqar Dəmirbəyli “İRS” nəşriyyatının Azərbaycanın tarixi, mədəniyyəti və incəsənətinə həsr olunan kitablarını təqdim edib. “Qobustan – minilliklərin kitabı” nəşri qonaqlara Qobustan qayaüstü rəsmləri və onların bəşər sivilizasiyasının ilkin dövrlərinin öyrənilməsində əhəmiyyəti barədə məlumat verib.
İçərişəhərin tarixinə həsr olunmuş “Qədim qalanın nağılları” kitabında əksini tapan tarixi, arxeoloji və memarlıq materialları da iştirakçıların marağına səbəb olub. “Təbrizin sehrli nağılları” kitabının illüstrasiyaları, xüsusilə Təbriz miniatür məktəbinin nümunələri və Nizami Gəncəvinin əsərlərinin motivləri əsasında yaradılmış təsvirlər tədbir iştirakçılarının diqqətini cəlb edib.
Çıxışının sonunda Vüqar Dəmirbəyli Almaniyada nəşr olunmuş “Flut und Sterblichkeit” (“Daşqın və fanilik”) kitabındakı, Nizami Gəncəvinin “Yeddi gözəl” poemasının motivləri əsasında yazdığı “Sieben Prinzessinnen” (“Yeddi şahzadə qız”) hekayəsindən parçalar oxuyub.
Təqdimat Azərbaycanın mədəni irsinin Almaniyada tanıdılması, eləcə də iki ölkə arasında mədəniyyət, iqtisadiyyat və enerji sahələrində əməkdaşlığın əhəmiyyətinin vurğulanması baxımından diqqət çəkib.

