Mədəniyyət Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı ilə V.Səmədova adına Sərgi salonunda rəssam Rəfail Əlizadənin fərdi yaradıcılıq sərgisi açılıb.
“Tehsil365” xəbər verir ki, sərgidə Rəfail Əlizadənin rəngkarlıq və qrafika əsərləri, eləcə də teatr, kino və televiziya sahələrindəki yaradıcılıq nümunələri təqdim edilib.
Tədbirdə çıxış edən Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov rəssamı 80 illik yubiley münasibətilə təbrik edib. O bildirib ki, Rəfail Əlizadə 40 ildən artıq müddətdə Azərbaycan Televiziyası və Radiosunda quruluşçu və tərtibatçı rəssam kimi fəaliyyət göstərib. “Bu illər ərzində çoxsaylı televiziya tamaşalarına bədii tərtibat verib, orijinal geyim eskizləri hazırlayıb və ölkənin təsviri sənətinin inkişafına töhfələr verib. Rəssamın rəngkarlıq və qrafika əsərləri respublikada və xaricdə təşkil olunan sərgilərdə dəfələrlə nümayiş etdirilib, diplom və mükafatlara layiq görülüb. Onun yaradıcılığında milli və ümumbəşəri sənət ənənələri, yüksək sənətkarlıq və estetik məziyyətlər öz əksini tapıb”,- deyə F.Xəlilov əlavə edib.
Rəfail Əlizadə çıxışında deyib: “Sərgiyə təqdim edilən 80-dək sənət əsərində təbiət mənzərələri, vətənpərvərlik, humanizm və xeyirxahlıq kimi mövzular əks olunub. Onların arasında xüsusilə Qarabağa aid - “Ruhumuz buradadır”, “Ana dağı”, “Qarabağ xalçası”, “Qarabağ atları”, “Şəhid şəhər”, “Zəfər şahidi”, teletamaşalardan isə “Günahsız Abdulla”, “Mürafiq vəkilləri”, “Ürəkdə baş-başa” rəsm əsərləri yer alır”.
Tədbir sənətsevərlərə rəssamın yaradıcılığı ilə yaxından tanış olmaq, onun sənət dünyasını və müxtəlif istiqamətlərdə ərsəyə gətirdiyi əsərləri görmək imkanı yaradıb.
Qeyd edək ki, Rəfail Əlizadə 1986-cı ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2016-cı ildə rəssamın 70 illik yubileyinə həsr olunmuş fərdi sərgisi də V.Səmədova adına Sərgi salonunda təşkil edilib.

