“Son illərdə Azərbaycanda uşaq ədəbiyyatının nəşrinə və elmi baxımdan araşdırılmasına xüsusi diqqət yetirilir. Xüsusilə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu bu sahədə mühüm işlər görür”.
“Tehsil365” bildirir ki, bu fikirləri “AZƏRTAC” a açıqlamasında yazıçı, şair, professor Zahid Xəlil söyləyib.
“AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu bu sahədə mühüm işlər görür. İnstitutda Uşaq ədəbiyyatı şöbəsinin yaradılması, görkəmli ədəbiyyatşünas alim Elnarə Akimovanın şöbəyə rəhbərlik etməsi, eləcə də istedadlı alimlərin bu sahənin tədqiqinə cəlb olunması uşaq ədəbiyyatına verilən önəmin bariz göstəricisidir”.
Yazıçı sərgi təəssüratlarını bölüşərək deyib: “Bakı Beynəlxalq Kitab Sərgisində uşaq ədəbiyyatının müxtəlif nümunələri ilə tanış olduq, bu sahədə fəaliyyət göstərən yeni nəşriyyatların məhsullarını gördük. Diqqətçəkən məqamlardan biri də bəzi yeni nəşriyyatların ilk nəşrlərini məhz uşaq ədəbiyyatına həsr etməsidir. Bütün bunlar göstərir ki, uşaq ədəbiyyatının əhəmiyyəti cəmiyyətdə getdikcə daha dərindən dərk olunur. Mən də öz kitablarımın bu sırada böyük sevgi ilə nəşr olunduğunu görməkdən məmnunam”.

