Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Molekulyar Biologiya İnstitutunun əməkdaşı biologiya üzrə fəlsəfə doktoru Gülnar Abdullayeva Oksford Universitetinin Pediatriya Departamentinin “Fəaliyyətə görə Təkrar Mükafat”ına layiq görülüb.
“Tehsil365” “AZƏRTAC” a istinadən xəbər verir ki, bu barədə Oksford Universitetinin Pediatriya Departamentindən daxil olan məktubda bildirilib.
Məktubda qeyd olunub ki, Gülnar Abdullayevanın namizədliyi builki mükafatlandırma və təşəkkür proqramı çərçivəsində verilib. Departamentin qiymətləndirmə komissiyası onun “Fəaliyyətə görə Təkrar Mükafat” almağa layiq olduğunu təsdiqləyib. Məktubda alimin son bir il ərzində üzərinə düşən vəzifələrdən daha artığını yerinə yetirdiyi vurğulanıb, onun əməyinə görə təşəkkür ifadə olunub. Bildirilib ki, departament Gülnar Abdullayevanın fəaliyyətini yüksək qiymətləndirir və mükafatın bu dəyərin ifadəsi olacağına ümid edir.

