“Azərbaycanda genişzolaqlı internet şəbəkəsinə çıxış imkanları genişləndirilib və internetin sürəti 7 dəfə artıb”.
“Tehsil365” xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov “Rəqəmsal dövrdə ailə: transformasiyanın yeni sərhədləri” mövzusunda keçirilən Ailə Forumunda deyib.
Nazir müavini çıxışında rəqəmsal texnologiyaların inkişafı ilə yanaşı, kibertəhlükəsizlik məsələlərinin də aktuallığını vurğulayıb. Onun sözlərinə görə, Davos Forumunun 2026-cı il hesabatında kiberdələduzluğun qlobal iqtisadiyyata hər il təxminən 1,1 trilyon dollar zərər vurduğu qeyd olunub.
Samir Məmmədov bildirib ki, sorğu iştirakçılarının 73 faizi son bir il ərzində özünün və ya yaxınlarının kiberdələduzlarla qarşılaşdığını deyib.
Nazir müavini bu baxımdan Milli Kibertəhlükəsizlik Agentliyinin rolunu xüsusi qeyd edib. O bildirib ki, qurumun əsas vəzifələrindən biri vətəndaşlara kiberdələduzluq sxemlərini və rəqəmsal təhlükələri vaxtında tanımağı öyrətməkdir.
İnternet imkanlarının genişlənməsi insanların təhsil, iş və gündəlik həyatında rəqəmsal xidmətlərdən istifadəsini asanlaşdırır. Bununla yanaşı, şəxsi məlumatların qorunması və internetdə təhlükəsiz davranış qaydalarına əməl edilməsi də mühüm əhəmiyyət daşıyır.

