Oktyabrın 19-da Azərbaycan Dillər Universitetinin (ADU) Təhsil fakültəsinin nəzdində fəaliyyət göstərən Psixologiya və Pedaqogika kafedrasının müəllimi Siddiqə Bəylərova tərəfindən kafedranın nəzdində fəaliyyət göstərən Psixoloji Yardım Mərkəzinin təşkilatçılığı ilə Təhsil fakültəsinin tələbələri üçün “Psixoloji dayanıqlılıq: stressə qarşı güclü qalmaq” mövzusunda təlim keçirilib.
“Tehsil365”xəbər verir ki, Təlim zamanı gündəlik həyatın stresli və çətin məqamları qarşısında daxili gücün necə qoruna biləcəyi, emosional tənzimləmə mexanizmləri və stress faktorları ilə effektiv mübarizə yolları ətraflı müzakirə olunub.
Nəzəri və praktik hissələrdən ibarət olan təlim yüksək enerji, səmimi sual-cavablar və praktiki nümunələrlə yadda qalıb. Görüş zamanı iştirakçıların öz psixoloji dayanıqlılıq resurslarını kəşf etmələri, çətin anlarda bərpa olunma qabiliyyətlərini gücləndirmələri üçün vacib strategiyalar bölüşülüb.
Təlimin sonunda tələbələrin geri dönüşləri də nəzərə alınaraq görüşün gənclərin gündəlik həyatlarında daha balanslı və güclü addımlamaları üçün faydalı olduğu qeyd edilib.

