Oktyabrın 22-də Azərbaycan Dillər Universitetində Rusiyanın tanınmış yazıçıları Sergey Şarqunov, Dmitriy Petrov, Aygiz Baymuxametov, İldar Abuzərov və Abuzər Bağırovla görüş keçirilib.
“Tehsil365” xəbər verir ki, Görüşdə ADU-nun rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla çıxış edib.
Qonaqları salamlayan rektor bildirib ki, Bakıda keçirilən XII Beynəlxalq Kitab Sərgisinə ölkəmizin yazıçı və şairləri, gənc qələm sahibləri ilə yanaşı, Türkiyə, ABŞ, Norveç, Böyük Britaniya, Rusiya, Polşa və Səudiyyə Ərəbistanı və digər ölkələrdən tanınmış müəlliflər və alimlər qatılıblar.
Ədəbi-mədəni əlaqələrin önəmindən söz açan rektor qeyd edib ki, Azərbaycan və Rusiya ədəbi əlaqələri inkişaf etməkdədir. Ədəbi tərcümələrin mövcud durumundan danışan rektor bu sahədə aparılan işlərin vacibliyini diqqətə çatdırıb.
ADU-da iyirmidən çox xarici dilin tədris olunduğunu bildirən rektor ədəbi-mədəni əlaqələrin qurulmasında belə görüşlərin keçirilməsinin əhəmiyyətindən danışıb.
Daha sonra çıxış edən qonaqlar müasir dünya ədəbi prosesindəki yeniliklərdən, tərcümə sahəsinin durumundan və kitab sərgilərinin əhəmiyyətindən söz açıblar.
Görüş oxucuların sualları ilə davam edib.

