Azərbaycan dili və ədəbiyyat dərslikləri hər il yenilənsə və onlara əlavələr edilsə də, məzmun və tərtibatla bağlı müzakirələr hələ də davam edir.
Valideynlər və müəllimlər dərsliklərin müxtəlif çatışmazlıqlarına diqqət çəkir, onların daha anlaşıqlı və şagirdlər üçün cəlbedici olması ilə bağlı təkliflər irəli sürürlər.
Maraqlıdır, mövcud dərsliklərin əsas çatışmazlıqları nələrdir? Dərsliklərin vizual tərtibatı və üz qabığı dizaynı nə dərəcədə uğurludur? Bu sahədə hansı dəyişikliklərə ehtiyac var?
“AzEdu.az”a mövzu ilə bağlı danışan “İlin gənc müəllimi”, Azərbaycan dili və ədəbiyyat müəllimi Əliheseyn Yaqubov qeyd edib ki, yeni dərsliklər dizayn və tərtibat baxımından daha effektiv görünür:
"Azərbaycan dili və ədəbiyyat dərslikləri əvvəlki illərlə müqayisədə daha yaxşı tərtib olunub və tədrisin daha səmərəli təşkili üçün şərait yaradır. Doğrudur, bəzi dərsliklərdə, məsələn, 9-cu sinif Azərbaycan dili dərsliyində izahlar çox qısa verilir və bu, şagirdlərin əlavə vəsaitlərdən istifadə etməsini zəruri edir. Ümumilikdə isə yeni dərsliklərin dizaynı və tərtibatı baxımından daha effektiv olduğu görünür.
Diqqət yetirilməli əsas məqamlardan biri Azərbaycan dili və ədəbiyyat fənlərinin fərqli müəllimlər tərəfindən tədris olunmasının vacibliyidir. Bir müəllimin hər iki fənni tədris etməsi, eyni zamanda həm Azərbaycan dili, həm də ədəbiyyat üzrə müxtəlif imtahanlara (sertifikasiya, universitetə qəbul və s.) hazırlaşmalı olması tədrisin keyfiyyətinə mənfi təsir göstərə bilər. İnkişaf etmiş ölkələrin təcrübəsində və tarix fənninin tədrisində olduğu kimi, bu yanaşma dərslərin daha keyfiyyətli və səmərəli təşkilinə şərait yarada bilər".

