Lənkəran Dövlət Universitetində (LDU) Təhsil Tələbə Krediti Fondunun (TTKF) regionlarda təşkil etdiyi məlumatlandırıcı sessiyalara start verilib. Universitetin rəhbərliyi, professor-müəllim heyəti və tələbələrin iştirak etdiyi tədbiri giriş sözü ilə açan LDU-nun Tədris işləri üzrə prorektoru dos. Zaur Məmmədov görüşün əhəmiyyətindən və fondun yaratdığı imkanlardan bəhs edib.
“Tehsil365” xəbər verir ki,TTKF İdarə Heyətinin sədri Bəhruz Əzimov çıxışında fondun fəaliyyət məqsədinin təhsilin hamı, xüsusilə də aztəminatlı təbəqələr üçün əlçatanlığını təmin etmək olduğunu bildirib. Fondun Maliyyə iqtisadiyyat şöbəsinin müdiri Məhəmmədəli Abdinov isə sosial və standart tələbə kreditlərinin verilmə şərtlərini, təhsil nəticələrindən asılı olaraq tətbiq edilən güzəştləri və geri ödəniş qaydalarını diqqətə çatdırıb.
Sessiyanın sonunda tələbələrə portal vasitəsilə müraciət qaydaları ətraflı izah olunub və onları maraqlandıran suallar cavablandırılıb.

