XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Venesuela Bolivar Respublikasının Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Venesuelanın milli rəqs ənənələrinə həsr olunmuş mədəni tədbir keçirilib.
“Tehsil365” xəbər verir ki, tədbirdə çıxış edən Venesuela Bolivar Respublikasının Azərbaycandakı səfiri Kristofer Alberto Martinez Berroteran ölkəsinin zəngin mədəni irsi və milli rəqs ənənələri haqqında məlumat verib.
Diplomat bildirib ki, tədbir çərçivəsində təqdim olunan rəqs Bakı Xoreoqrafiya Akademiyası ilə əməkdaşlıq çərçivəsində hazırlanıb.
Səfir Venesuelanın ənənəvi mədəni irsinin mühüm nümunələrindən biri olan “Tamunangue” rəqsindən də bəhs edib. O qeyd edib ki, bu rəqs əsasən ölkənin Lara ştatında geniş yayılıb və özündə mədəni, dini və folklor ənənələrini birləşdirir.
Bildirilib ki, “Tamunangue” hər il iyunun 13-də Padualı Müqəddəs Antoninin şərəfinə keçirilən mərasimlərlə bağlıdır. Bu ənənə insanların etdikləri nəzirləri yerinə yetirməsi, eləcə də dualarının qəbul olunmasına görə minnətdarlıqlarını ifadə etməsi ilə əlaqələndirilir.
Vurğulanıb ki, bu cür mədəni təqdimatlar xalqların zəngin adət-ənənələrinin tanıdılması və müxtəlif mədəniyyətlər arasında qarşılıqlı əlaqələrin inkişafı baxımından əhəmiyyət daşıyır.

