Fransa-Azərbaycan Universitetinin (UFAZ) məzunu və kimya üzrə fəlsəfə doktoru Şəbnəm Feyziyevanın həmmüəllifi olduğu elmi məqalə Scopus bazasında Q1 kvartilində yer alan beynəlxalq Chemical Communications jurnalında dərc olunub.
“Tehsil365” xəbər verir ki, bu haqda Fransa-Azərbaycan Universiteti öz rəsmi hesabında paylaşım edib.
Bildirilib ki, Dr. Şəbnəm Feyziyeva məqaləni Strasburq Universitetində (Unistra) doktorantura tədqiqatlarına rəhbərlik etmiş Dr. Benoît Louis ilə birgə hazırlayıb.
“CO₂-nin tutulması kimyası: amin, karbonat və ion mayesi sistemləri, eləcə də sonrakı kimyəvi çevrilmə üçün reaktiv sorbentlərin meydana çıxması” adlı məqalədə CO₂-nin tutulmasında istifadə olunan materiallar və kimyəvi sistemlər haqqında mövcud elmi biliklər nəzərdən keçirilir, onların potensialı və tətbiqi ilə bağlı əsas çətinliklər araşdırılır.
Sənaye və digər mənbələrdən atmosferə atılan CO₂ emissiyalarının azaldılması iqlim dəyişikliyi ilə mübarizədə mühüm əhəmiyyət daşıdığından, bu sahədə səmərəli və enerjiyə qənaət edən texnologiyaların hazırlanması elmi tədqiqatların əsas istiqamətlərindən biri olaraq qalır.
Məqalədə materialların kimyəvi xassələrinin, onların CO₂ ilə qarşılıqlı təsirinin və tutulmuş qazın yenidən ayrılması üçün tələb olunan enerjinin CO₂-nin tutulması texnologiyalarının səmərəliliyinə necə təsir göstərdiyi araşdırılır. Müəlliflər, həmçinin CO₂-nin tutulması və sonradan kimyəvi çevrilməsi proseslərini vahid material daxilində birləşdirən ikifunksiyalı sistemlərin perspektivlərini müzakirə edirlər.
Tədqiqatda diqqət yetirilən əsas elmi problemlərdən biri CO₂-ni effektiv şəkildə tuta bilən və eyni zamanda onu minimum enerji sərfiyyatı ilə yenidən ayırmağa imkan verən materiallar arasında optimal tarazlığın müəyyən edilməsidir. Müəlliflərin təhlili göstərir ki, bütün tətbiq sahələri üçün uyğun olan vahid material mövcud deyil. Buna görə də material seçimi zamanı hər bir materialın xüsusiyyətləri və onun istifadə olunacağı konkret şərait nəzərə alınmalıdır.
Məqalənin tam mətni ilə aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz:

