Yasamal Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Bakı Dövlət Universitetində (BDU) Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair müşavirə keçirilib.
“Tehsil365” AZƏRTAC -a istinadən xəbər verir ki, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov dövlət başçısının müəyyənləşdirdiyi strateji hədəflər, milli müstəqilliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, dövlətçilik və vətənpərvərlik ideyalarının təbliği istiqamətində qarşıda duran vəzifələrdən danışıb. O, ideoloji-maarifləndirmə işinin cəmiyyətə real təsir göstərməli olduğunu vurğulayaraq təhsil müəssisələri, ziyalılar və ictimaiyyət nümayəndələri arasında əməkdaşlığın gücləndirilməsinin, təbliğat və ideoloji işin düzgün qurulmasının əhəmiyyətini qeyd edib.
BDU rektoru Elçin Babayev qeyd edib ki, Prezident, YAP sədri İlham Əliyevin Qurultaydakı proqram xarakterli çıxışı müasir Azərbaycanın keçdiyi inkişaf yolunun, əldə etdiyi tarixi nailiyyətlərin və yeni mərhələdə qarşıda duran strateji vəzifələrin əhatəli təhlili baxımından müstəsna əhəmiyyət daşıyır. Ərazi bütövlüyünü tam bərpa etmiş qalib Azərbaycanda qazanılmış nailiyyətləri qorumaq və ölkənin uzunmüddətli, dayanıqlı inkişafını təmin etmək başlıca vəzifədir. Elçin Babayev ideoloji təhlükəsizliyin fiziki təhlükəsizlik qədər vacib olduğunu və bu sahədə ali təhsil müəssisələrinin, xüsusilə BDU-nun üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb.
Müşavirədə çıxış edən digər natiqlər də dövlət müstəqilliyinin qorunması, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi və Prezident İlham Əliyevin qurultaydakı nitqindən irəli gələn vəzifələrin gündəlik fəaliyyətin ayrılmaz hissəsinə çevrilməsinin əhəmiyyətini vurğulayıblar.

