Somali Federativ Respublikasının Azərbaycandakı səfiri Abdinur Dahir Fidou Bakı Ali Neft Məktəbində (BANM) olub.
“Tehsil365” xəbər verir ki, bu haqda Bakı Ali Neft Məktəbi öz rəsmi hesabında paylaşım edib.
Bildirilib ki, Rektor Elmar Qasımov Ali məktəbdə yaradılan müasir tədris infrastrukturu və təhsil prosesi ilə bağlı səfirə ətraflı məlumat verib. Rektor BANM-də yüksək akademik və multikultural mühitin olduğunu, somalili tələbələr üçün də hər cür şəraitin yaradıldığını qeyd edib.
Səfir Abdinur Dahir Fidou ölkəsinin gəncləri üçün BANM-də yaradılan imkanlara görə təşəkkür edib. Azərbaycanda təhsil alan 50 somalili tələbənin 11-nin BANM-in payına düşdüyünü bildirən diplomat daha çox somalili gəncin burada oxumasında maraqlı olduqlarını deyib.
Görüş zamanı təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi, təqaüd imkanları və digər məsələlər müzakirə edilib. BANM-də Somali Mədəniyyət Günlərinin keçirilməsi razılaşdırılıb.
Səfirə “Fəxri qonaq” plaketi və xatirə hədiyyəsi təqdim edilib.

