Oktyabrın 23-də Azərbaycan Dillər Universitetində Azərbaycan ədəbiyyatı kafedrası, Azərbaycan dilçiliyi kafedrası və Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin birgə təşkilatçılığı ilə “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması” adlı tədbir keçirilib.
“Tehsil365” xəbər verir ki, Azərbaycan ədəbiyyatı kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Aynurə Hüseynova “Azərbaycan mətbuatında ana dilinin saflığı uğrunda mübarizə: “Əkinçi”dən müasir mediaya qədər” mövzusunda çıxış edib.
Məruzədə Azərbaycan mətbuatının ana dilinin qorunması və inkişaf etdirilməsində oynadığı tarixi roldan bəhs edilib.
Qeyd edilib ki, milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin əsasını qoyduğu “Əkinçi” qəzetindən başlayaraq, müxtəlif dövrlərdə Azərbaycan ziyalılarının dilin saflığı, ədəbi dil normalarının qorunması və xalqın ana dilində maarifləndirilməsi istiqamətində mühüm işlər görüblər.
Azərbaycan dilçiliyi kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Nəzrin Əliyeva “Qloballaşma dövründə Azərbaycan dilinin inkişaf meyilləri” mövzusunda çıxış edib.
Çıxışında Nəzrin Əliyeva qloballaşma prosesinin Azərbaycan dilinə təsirindən, dilimizin müasir inkişaf meyillərindən və qarşıda duran əsas vəzifələrdən bəhs edib. O, informasiya texnologiyalarının sürətli inkişafı, rəqəmsal kommunikasiya vasitələrinin geniş yayılması və beynəlxalq əlaqələrin intensivləşməsinin dil proseslərinə təsir göstərdiyini vurğulayıb.
Azərbaycan dilçiliyi kafedrasının baş müəllimi Aynur Sadıqova “Dil-milli kimliyimiz, mənəvi ruhumuz, dövlətçiliyimizin mənəvi dayağıdır” mövzusunda çıxış edib.
Qeyd edilib ki, Azərbaycan dili milli kimliyin formalaşmasında, milli-mənəvi dəyərlərin qorunmasında və dövlətçilik ənənələrinin yaşadılmasında mühüm rol oynayır.
Bildirilib ki, təhsil müəssisələrində ana dilinin düzgün tədrisi, dilimizin zənginliyinin və ifadə imkanlarının təbliği onun gələcək nəsillərə qorunaraq ötürülməsində mühüm əhəmiyyət daşıyır.
Tədbirin sonunda ADU tələbələrinin ifasında “Ana dilim” adlı kompozisiya təqdim olunub.

