Oktyabrın 21-də Daşkənd Kimyo Beynəlxalq Universitetində Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə akademik və elmi əməkdaşlıq imkanlarına həsr olunmuş görüş keçirilib.
“Tehsil365” xəbər verir ki, Görüşdə ADNSU-nu Əcnəbi tələbələrlə iş şöbəsinin müdiri Səbinə Əliyeva, şöbənin baş mütəxəssisi İlhamə Osmanova və İctimaiyyətlə əlaqələr və Marketinq şöbəsinin müdiri Xülya Sabirli təmsil ediblər.
Daşkənd Kimyo Beynəlxalq Universitetindən görüşdə Beynəlxalq inteqrasiya və transformasiya departamentinin direktoru, iqtisad elmləri doktoru, dosent Şoxcahon Elmurodov, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Uluqbəy Mamacanov və Əcnəbi professor-müəllim heyəti və tələbələrlə iş şöbəsinin müdiri Cahangir Abdumanov iştirak ediblər.
Müzakirələr zamanı tələbə və müəllim mübadiləsi, magistrant və doktorantlar üçün elmi-tədqiqat təcrübələrinin təşkili, doktorantlara birgə elmi rəhbərlik və birgə tədqiqatların aparılması istiqamətində əməkdaşlıq perspektivləri nəzərdən keçirilib. Xüsusilə biotexnologiya və kompüter elmləri ilə əlaqəli sahələrdə ingilis dilində tədris olunan proqramlar üzrə akademik mobillik imkanları diqqət mərkəzində olub.
Tərəflər universitetlərin akademik potensialından birgə istifadə etməklə dərslik və tədris materiallarının hazırlanması, professor-müəllim heyətinin və tələbələrin iştirakı ilə elmi konfransların təşkili barədə fikir mübadiləsi aparıblar. Modul təhsil yanaşması üzrə əməkdaşlıq imkanları da müzakirə edilib, bu istiqamətdə proqram və formatların əlavə müzakirələrlə dəqiqləşdirilməsi nəzərdə tutulub.
Görüşdə universitetlərarası tələbə olimpiadalarının və birgə hakatonların keçirilməsi imkanlarına da toxunulub. Hakatonlarda növbəti semestr Daşkənd Kimyo Beynəlxalq Universitetinə gəlməsi gözlənilən amerikalı tələbələrin mümkün iştirakı müzakirə olunub. Belə təşəbbüslərin müxtəlif ölkələrdən olan tələbələrin birgə komandalar şəklində çalışmasına, bilik və bacarıqlarını bölüşməsinə imkan yarada biləcəyi qeyd edilib.
Müzakirələr peşə təhsili sahəsində əməkdaşlıq perspektivlərini də əhatə edib. Bu çərçivədə turizm və mühəndislik istiqamətləri üzrə fəaliyyət göstərən peşə kolleclərinin mümkün iştirakı ilə birgə təşəbbüslər nəzərdən keçirilib.
Görüşdə səsləndirilən təkliflərin inkişaf etdirilməsi üçün müvafiq təhsil proqramları və elmi maraq sahələri üzrə məlumat mübadiləsinin aparılması, potensial iştirakçı struktur bölmələrin müəyyənləşdirilməsi və növbəti müzakirələrin təşkili imkanları dəyərləndirilib. Əməkdaşlıq təşəbbüslərinin icra mexanizmləri və müddətləri tərəflər arasında əlavə müzakirələr əsasında dəqiqləşdiriləcək.

