Bakı Ekspo Mərkəzində keçirilən XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində “Azərbaycan Milli Elmlər Akademiyasının Pakistan və Pakistanın Azərbaycan nəşrləri”nin təqdimat mərasimi keçirilib.
“Tehsil365” AZƏRTAC-a istinadən xəbər verir ki, təqdimat mərasimində çıxış edən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan-Pakistan münasibətlərinin tarixi köklərindən, iki ölkə arasında elmi-mədəni əlaqələrin inkişafından və bu istiqamətdə Akademiyanın həyata keçirdiyi layihələrdən danışıb. Akademik qeyd edib ki, Azərbaycan ilə Pakistan arasında münasibətlərin qurulmasında Ümummilli Lider Heydər Əliyevin mühüm xidmətləri olub. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu əlaqələr qardaşlıq səviyyəsinə yüksəlib və hazırda əməkdaşlıq bütün sahələr üzrə uğurla davam etdirilir.
O, AMEA-da Pakistanın tarixinin, dilinin, ədəbiyyatının və mədəniyyətinin öyrənilməsi istiqamətində tədqiqatlar aparan elmi müəssisələrdən söz açaraq, Ədəbiyyat İnstitutunun Asiya xalqları ilə bağlı elmi tədqiqatlarının və Pakistan Mərkəzinin fəaliyyətinin bu baxımdan xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Bildirib ki, Mərkəzdə Azərbaycan və Pakistan tədqiqatçıları üçün hər iki ölkənin tarixi, dili və mədəniyyətinin araşdırılması istiqamətində geniş imkanlar yaradılıb. AMEA prezidenti Akademiyanın elmi əməkdaşlıqda Pakistan Ədəbiyyat Akademiyasının mühüm rolu olduğunu söyləyib. O, Akademiyanın rəhbəri, professor Nəcibə Arifin bu yaxınlarda AMEA-nın qonağı olduğunu, birgə tədbirlərdə iştirak etdiyini, tərəflər arasında müştərək nəşrlərin hazırlandığını və beynəlxalq konfransların təşkil olunduğunu diqqətə çatdırıb. Akademik İsa Həbibbəyli, həmçinin Pakistanın bir sıra digər elmi-tədqiqat müəssisəsi və universitetləri ilə də əməkdaşlıq əlaqələrinin inkişaf etdirildiyini bildirib.
Sonra Pakistan Milli Kitab Fondunun direktoru Murad Ali Mohmand çıxış edərək iki ölkə arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin əhəmiyyətini vurğulayıb, xalqların bir-birinə daha da yaxınlaşmasında ədəbiyyatın, kitab nəşrinin və qarşılıqlı tərcümələrin mühüm rol oynadığını bildirib: “Hər iki ölkənin tarixini, mədəniyyətini və ədəbi irsini əks etdirən nəşrlər qarşılıqlı anlaşmanın və mədəni əlaqələrin möhkəmlənməsinə xidmət edir. Pakistan Milli Kitab Fondunun əsas məqsədi kitab mədəniyyətini və ədəbiyyatı inkişaf etdirmək, mütaliəni təşviq etməkdir. Fondda Azərbaycan tarixi, mədəniyyəti və ədəbiyyatına həsr olunmuş guşənin yaradılması iki ölkə arasındakı qardaşlıq münasibətlərinin göstəricisidir. Azərbaycan ədəbiyyatının urdu dilinə tərcüməsi və nəşri xalqlarımızın bir-birini daha yaxından tanımasına, dostluq əlaqələrinin möhkəmlənməsinə xidmət edir”.
Tədbirdə AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktor müavini, professor Eynulla Mədətli, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələr şöbəsinin müdiri, professor Bədirxan Əhmədov və həmin institutun baş elmi işçisi, filologiya elmləri doktoru Bəsirə Əzizəliyeva çıxış edərək Azərbaycan-Pakistan ədəbi-mədəni əlaqələrinin inkişafında kitab nəşrlərinin və tərcümə fəaliyyətinin əhəmiyyətindən, iki xalqın tarixi və mədəni irsinin qarşılıqlı tanıdılmasında bu nəşrlərin rolundan bəhs ediblər.
Təqdimat mərasimində AMEA tərəfindən Pakistanla bağlı 2021-2026-cı illərdə Azərbaycan dilində çap olunmuş “Sultan Bahu. Fəryad eylə ey könül…”, “Məhəmməd İqbal. Seçilmiş əsərləri”, “Pakistan: qısa tarixi-siyasi oçerklər” və Azərbaycanla bağlı Pakistanda urdu dilində nəşr edilmiş “Böyük Azərbaycan şairi Nizami Gəncəvi”, “Cəlil Məmmədquluzadə”, “Kitabi-Dədə Qorqud dastanı” və s. kimi əsərlər nümayiş olunub.

