Milli Kitabxanada Xalq rəssamı Fərhad Xəlilovun 80 illiyinə həsr olunan “Xalq rəssamı Fərhad Xəlilov - 80” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
“Tehsil365” xəbər verir ki, kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə rəssamın əsərləri, həyat və yaradıcılığı haqqında Azərbaycan dilində nəşrlər, eləcə də dövri mətbuat materialları nümayiş olunur.
Fərhad Qurban oğlu Xəlilov 1946-cı il oktyabrın 26-da Bakı şəhərində anadan olub. O, 1961- 1966-cı illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, 1966 - 1968-ci illərdə Stroqanov Rəssamlıq Məktəbində təhsil alıb. Rəssam təhsilini 1969 -1975-ci illərdə Moskva Poliqrafiya İnstitutunda davam etdirib.
Əmək fəaliyyətinə 1963-cü ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında rəssam kimi başlayan Fərhad Xəlilov 1987-ci ildə Azərbaycan Rəssamlar İttifaqının sədri seçilib. Onun yetkin yaradıcılığı 1970-ci illərdən başlayaraq bu günədək davam edən inkişaf yolu keçib.
Rəssamın əsərləri dünyanın müxtəlif ölkələrində təşkil olunan sərgilərdə, qalereyalarda və beynəlxalq incəsənət tədbirlərində nümayiş etdirilib. Yaradıcılığı Azərbaycanla yanaşı, ABŞ, Fransa, Rusiya, İtaliya, Almaniya, Polşa, Yaponiya və digər ölkələrdə tanınıb, əsərləri muzey və şəxsi kolleksiyalara daxil edilib.
Fərhad Xəlilov 1969-cu ildən SSRİ Rəssamlar İttifaqının üzvü, 2008-ci ildən Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvüdür. O, 1987-ci ildə Rusiya Rəssamlıq Akademiyasının gümüş medalına, 1988-ci ildə Azərbaycan SSR-in Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb. 2000-ci ildə “İncəsənət və ədəbiyyat” ordeni və “Puşkin” medalı ilə təltif olunub. 2002-ci ildə Azərbaycan Respublikasının Xalq rəssamı fəxri adını alıb.
Sənətkar 2006-cı ildə “Şöhrət”, 2016-cı ildə “Şərəf”, 2021-ci ildə isə birinci dərəcəli “Əmək” ordenləri ilə təltif edilib. O, 2012-ci ildə Rusiya Rəssamlıq Akademiyasının qızıl medalına, 2017-ci ildə Müstəqil Dövlətlər Birliyinin “Birliyin ulduzu” mükafatına layiq görülüb. 2024-cü ildə isə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı ilə təltif olunub.
Rəssamın fərdi sərgiləri də təşkil edilib. 2019-cu il sentyabrın 26-da Heydər Əliyev Mərkəzində “Yenidən Bakıda”, 2023-cü il dekabrın 1-də isə “YARAT” Müasir İncəsənət Məkanının XX–XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində “Yerlə göy arasında” adlı sərgiləri açılıb.
Xatırladaq ki, Prezident İlham Əliyev oktyabrın 23-də Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Fərhad Xəlilovun “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

