Leopold və Mstislav Rostropoviçlərin Ev-Muzeyində dünyaşöhrətli opera müğənnisi, SSRİ Xalq artisti Qalina Vişnevskayanın anadan olmasının 100 illiyinə həsr olunmuş “İki Səs, Bir Ömür” adlı konsert proqramı təqdim edilib.
“Tehsil365” xəbər verir ki, bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib. Tədbirdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbə və müəllim heyətinin ifasında klassik musiqi nümunələri səsləndirilib. Konsert proqramında F.Çileanın “Adriana Lekuvrer” operasından Adriananın ariyası, R.Şedrinin “Albenis sayağı” əsəri, P.İ.Çaykovskinin “Otçeqo” əsəri, A.Qlazunovun “Raymonda” baletindən adajio və digər musiqi nümunələri ifa olunub.
Tədbir çərçivəsində Qalina Vişnevskayanın zəngin həyat və yaradıcılığına, unikal vokal sənətinə, eləcə də həyat yoldaşı, dünyaşöhrətli violonçel ifaçısı və dirijor Mstislav Rostropoviçlə birgə sənət fəaliyyətinə nəzər salınıb. Qonaqlara sənətkarın həyat və yaradıcılığından bəhs edən “Qalina Vişnevskayanın qonaqlığında” adlı qısametrajlı film təqdim edilib.
Qeyd olunub ki, Qalina Vişnevskaya opera sənətinin görkəmli nümayəndələrindən biri kimi “Yevgeni Onegin”, “Aida”, “Toska”, “Fidelio” və “Katerina İzmayılova” kimi operalarda yaratdığı obrazlarla dünya musiqi mədəniyyətində silinməz iz qoyub. Böyük Teatrın aparıcı solisti olmuş sənətkar Kovent-Qarden, Metropoliten Opera və La Skala kimi nüfuzlu səhnələrdə çıxış edib. Səhnə fəaliyyətini başa vurduqdan sonra gənc vokalçıların yetişdirilməsinə xüsusi diqqət ayıran sənətkar Moskvada öz adını daşıyan Opera Mərkəzini təsis edib.
Vişnevskayanın pedaqoji irsi Azərbaycan opera sənəti ilə də bağlıdır. Azərbaycanlı opera ifaçıları Samir Cəfərov və Elçin Əzizov müxtəlif dövrlərdə onun adını daşıyan Opera Mərkəzində təhsil alıblar. Samir Cəfərov burada iki il təhsil alaraq C.Verdinin “Riqoletto” və “Traviata” operalarından partiyalar hazırlayıb. Elçin Əzizov isə Mərkəzin beynəlxalq müsabiqəsində ikinci mükafata layiq görülüb.
Bakı Musiqi Akademiyasının İfaçılıq fakültəsinin dekanı, Əməkdar incəsənət xadimi, professor Nəzmiyyə Abbaszadə çıxışında Leopold və Mstislav Rostropoviçlərin Ev-Muzeyi ilə Akademiya arasında uzun illərdir davam edən əməkdaşlığın əhəmiyyətini vurğulayıb. O, tələbələrinin hələ gənclik illərindən muzeyin səhnəsində çıxış etdiklərini, sonradan beynəlxalq müsabiqələrdə iştirak edərək böyük səhnələrə qədəm qoyduqlarını bildirib. Belə tədbirlərin iki müəssisə arasında artıq ənənəyə çevrildiyini qeyd edən professor muzeyin fondunun zənginləşdirilməsinə verdiyi töhfələrdən də danışıb.
Konsertin sonunda Bakı Musiqi Akademiyasının tələbə və müəllim heyətinə muzey rəhbərliyi tərəfindən təşəkkürnamələr və gül dəstələri təqdim olunub. Tədbir xatirə şəkillərinin çəkilməsi ilə başa çatıb.

