Ölkənin ictimai həyatında və mədəni mühitində geniş əks-səda doğuran XII Bakı Beynəlxalq Kitab Sərgisi öz işini davam etdirir. Hər gün keçirilən müxtəlif təqdimatlar və müzakirələr Bakı Ekspo Mərkəzini böyük kitab bayramı məkanına çevirib.
“Tehsil365” xəbər verir ki, sərgi çərçivəsində geniş maraq doğuran təqdimatlardan biri Bakı Dövlət Universitetinin (BDU) “Şərqşünaslıq” jurnalına həsr olunub. İlk sayı 1926-cı ildə nəşr edilən “Şərqşünaslıq” jurnalı Azərbaycanın elm və təhsil tarixində xüsusi yeri olan nəşrlərdəndir.
Jurnalın təsisçisi və baş redaktoru, akademik Rafael Hüseynovun moderatorluğu ilə XII Bakı Beynəlxalq Kitab Sərgisinin “Məhəmməd Füzuli Təqdimat Zonası”nda keçirilən müzakirələrdə BDU-nun Şərqşünaslıq fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Aydan Xəndan, şərqşünas alim, filologiya elmləri doktoru Qaley Allahverdiyev və jurnalın məsul katibi, filologiya üzrə fəlsəfə doktoru İlhamə Gültəkin iştirak ediblər.
Jurnalın yaranma tarixindən və keçdiyi yoldan bəhs edən akademik Rafael Hüseynov bildirib ki, 1922-ci ildən Azərbaycan Dövlət Darülfünununda müstəqil fakültə kimi fəaliyyətə başlayan Şərqşünaslıq bölməsinin dördüncü ilindən etibarən bu jurnal nəşr olunmağa başlayıb. Nəşrin ilk redaktoru görkəmli şərqşünas alim, professor Bəkir Çobanzadə olub.
Akademik qeyd edib: “Başlanğıcda “Azərbaycan Dövlət Darülfünunu Şərq Fakültəsi Əxbarı” adlanan bu jurnal ilk sayından etibarən bu gün də aktuallığını qoruyan mühüm bir məsələnin həllinə yönəlib: elmlə tədrisin üzvi bağlılığını təmin etmək. “Şərqşünaslıq” jurnalının ilk saylarında başda Bəkir Çobanzadə olmaqla, adı elmimizin tarixində həmişə iftixarla anılan, müasir Azərbaycan şərqşünaslığının baniləri Əziz Ubaydulinin, Panteleymon Juzenin, Aleksandr Baqrinin və digər görkəmli alimlərin bu gün də dəyərini qoruyub saxlayan sanballı məqalələri dərc edilib. Bizim borcumuz artıq 100 illik tarixə malik olan və Azərbaycanın ən qədim elmi nəşrlərindən sayılan bu jurnalın təməlindən gələn sanbalını və ənənələrini layiqincə yaşadaraq davam etdirməkdir”.
Bildirilib ki, hazırda jurnalın redaksiya heyətində 22 ölkədən olan tanınmış şərqşünas alimlər təmsil olunur. İldə dörd sayı nəşr edilən “Şərqşünaslıq” jurnalının bir nömrəsi tamamilə ingilis dilində dərc olunur. Jurnalın müəllifləri arasında azərbaycanlı şərqşünaslarla yanaşı, xarici ölkələrin tanınmış alimləri də var.
Diqqətə çatdırılıb ki, “Şərqşünaslıq” jurnalı elmi-tədqiqat məqalələri ilə yanaşı, ərəb, fars, urdu, ivrit və digər dillərdəki klassik mətnlərin şərhli tərcümələrinə də yer ayırır.
Akademik Rafael Hüseynov təqdimat mərasiminə toplaşan çoxsaylı oxuculara onu da bildirib ki, 2021-ci ildən etibarən fəaliyyətini yüksək elmi tələblər səviyyəsində quran “Şərqşünaslıq” jurnalı fakültənin əsas elmi platformalarından birinə çevrilib və beynəlxalq elmi mühitdə də təmsil olunur. O, jurnalın əvvəlki dövrlərdən fərqli olaraq, hazırda Bakı Dövlət Universitetinin mətbəəsində yüksək keyfiyyətli poliqrafik məhsul kimi hazırlandığını vurğulayıb.
Təqdimat mərasimi jurnalın yaradıcı heyətinin hazırladığı videoçarxla müşayiət olunub. Nadir kino kadrları, arxiv sənədləri və silsilə fotolar əsasında hazırlanan videoçarxda 100 yaşlı jurnalın keçdiyi tarixi yol əksini tapıb.

