Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında görkəmli bəstəkar, Xalq artisti, professor Ramiz Mustafayevin 100 illik yubileyi münasibətilə “Yadıma sən düşürsən” adlı təntənəli konsert proqramı təşkil olunub.
“Tehsil365” xəbər verir ki, konsert proqramından əvvəl çıxış edən Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynov görkəmli bəstəkar Ramiz Mustafayevin Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətlərindən, zəngin yaradıcılıq irsindən və əsərlərinin özünəməxsus bədii xüsusiyyətlərindən danışıb. O, bəstəkarın milli musiqi sənətində tutduğu mövqeyi və yaradıcılığının əhəmiyyətini diqqətə çatdırıb.
Musiqi gecəsində opera ifaçısı, Əməkdar artist Ramil Qasımov bəstəkarın mahnı və romanslarından ibarət konsert proqramı ilə çıxış edib.
Konsert Əməkdar artist Əyyub Quliyevin dirijorluğu ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə təqdim olunub.
Tədbirdə konsertmeyster, Əməkdar artist Nərgiz Əliyeva, nağara ifaçısı Soltan Əliyev və tar ifaçısı Cavanşir Rüstəmbəyli də iştirak ediblər.
Ramiz Mustafayev Azərbaycan musiqi tarixində özünəməxsus yeri olan sənətkarlardandır. O, müxtəlif janrlarda yaratdığı əsərlərlə milli musiqi xəzinəsinin zənginləşməsinə töhfə verib. Bəstəkarın yaradıcılığı bu gün də ifaçıların və musiqisevərlərin diqqətini cəlb edir.

