VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ərəfəsində Quba şəhərində Beynəlxalq Gənclər Forumunun açılış mərasimi baş tutub.
Bu barədə “Tehsil365”-ə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, 44 ölkədən gənc liderləri bir araya gətirən tədbirin açılışında Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abbasova, gənclər və idman nazirinin müavini İndira Hacıyeva, mədəniyyət nazirinin müavini Fərid Cəfərov və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) sədri Rafael Hacıbəyli çıxış ediblər.
Natiqlər gənclərin mədəniyyətlərarası dialoqun təşviqində, qarşılıqlı anlaşmanın gücləndirilməsində və xalqlar arasında əməkdaşlığın inkişafında rolu vurğulanıb. Forumun gənc liderlər üçün fikir mübadiləsi aparmaq, təcrübələrini bölüşmək və ortaq gələcək naminə yeni əməkdaşlıq imkanları yaratmaq baxımından əhəmiyyəti qeyd olunub.
BMT-nin Sivilizasiyalar Alyansının (BMTSA) gənclər şəbəkəsinin üzvlərinin də iştirak etdiyi Forum çərçivəsində keçiriləcək müzakirələr və müxtəlif fəaliyyətlər gənclərin dialoq və həmrəylik təşəbbüslərinə töhfə verməsinə, mədəniyyətlərarası əlaqələrin möhkəmləndirilməsinə xidmət edir.

