“Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) universitet əməkdaşlarının, magistrant və doktorantların iştirakı ilə “Akademik mühitdə süni intellektin (Aİ) inteqrasiyası zamanı etik çağırışlar və ən yaxşı təcrübələr” mövzusunda təlim keçirilib”.
“Tehsil365” xəbər verir ki, ADPU-dan bildirilib ki, elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov çıxışında rəqəmsal transformasiya dövründə ali təhsil müəssisələrinin qarşısında duran yeni vəzifələrdən danışıb. Prorektor qeyd edib ki, informasiya cəmiyyətinin sürətlə dəyişən tələbləri universitetlərdən müasir texnologiyalara uyğunlaşmağı, elmi fəaliyyətin təşkili və tədqiqat prosesində yeni yanaşmaların tətbiqini tələb edir. Bu şəraitdə universitetlərin missiyası yalnız mövcud bilikləri ötürməklə məhdudlaşmır, həm də yeni biliklər yaradan, müstəqil tədqiqat aparmaq bacarıqlarına malik mütəxəssislərin hazırlanmasını əhatə edir. Prorektor süni intellektin yaratdığı imkanlarla yanaşı, bu texnologiyalardan istifadə zamanı akademik dürüstlük və elmi etika prinsiplərinin qorunmasının vacibliyini vurğulayıb. Bildirilib ki, ADPU artıq yeddi ildir “StrikePlagiarism” sistemi ilə əməkdaşlıq edir. Bu əməkdaşlıq elmi tədqiqat işlərinin keyfiyyətinin yüksəldilməsinə və plagiat hallarının qarşısının alınmasına müsbət təsir göstərib. Prorektor universitetdə elmi fəaliyyətin keyfiyyətinin artırılması üçün müasir texnologiyalardan düzgün istifadə ilə yanaşı, əməkdaşların, magistrant və doktorantların bilik və bacarıqlarının davamlı inkişafına da xüsusi diqqət yetirildiyini qeyd edib.
Daha sonra “StrikePlagiarism” sisteminin Azərbaycanda biznesin inkişafı üzrə meneceri Fəridə Rzazadənin təqdimatı olub. Təlim çərçivəsində akademik mühitdə süni intellektdən istifadənin etik prinsipləri, elmi tədqiqatlarda bu texnologiyanın tətbiqi zamanı yaranan çağırışlar, akademik dürüstlüyün qorunması və süni intellektdən məsuliyyətli istifadə məsələləri müzakirə olunub.
İnteraktiv formatda keçirilən təlimdə iştirakçıları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, mövzu ilə bağlı suallar cavablandırılıb. Müzakirələr zamanı elmi tədqiqat və akademik yazı prosesində süni intellektin imkanlarından səmərəli istifadə, mümkün risklərin nəzərə alınması və akademik dürüstlük prinsiplərinin qorunması məsələlərinə diqqət yetirilib.

