“Azərbaycan Dillər Universitetində (ADU) Elmi Şuranın növbəti iclası keçirilib. İclas çərçivəsində tanınmış politoloq Ramiz Yunusa universitetin fəxri professoru adının verilməsi barədə qərar qəbul edilib, həmçinin İspaniyanın Servantes İnstitutu ilə əməkdaşlıq müqaviləsi imzalanıb”.
“Tehsil365” xəbər verir ki, bu barədə universitetin rəsmi saytında məlumat verilib.
Oktyabrın 23-də keçirilən iclasda ADU-nun rektoru, akademik Kamal Abdulla gündəlikdə duran məsələlər barədə məlumat verib. Səsvermə nəticəsində professor Ramiz Yunusa ADU-nun fəxri professoru adının verilməsi qərarı yekdilliklə qəbul olunub.
Çıxışında Kamal Abdulla professor Ramiz Yunusun Azərbaycanın həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasındakı rolunu xüsusi vurğulayıb. Ramiz Yunus isə göstərilən etimada görə universitet rəhbərliyinə təşəkkür edib və gənclərdə analitik düşüncənin, milli məsuliyyət hissinin formalaşdırılmasının vacibliyini qeyd edib.
İclasın diqqətçəkən məqamlarından biri də ADU ilə İspaniya Krallığının Servantes İnstitutu arasında əməkdaşlıq müqaviləsinin imzalanması olub. Mərasimdə universitetin rektoru Kamal Abdulla, Servantes İnstitutunun direktoru Fernando Vara de Rey və İspaniyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Xose Pedro Torrubia iştirak ediblər.
Müqavilənin Azərbaycan və İspaniya arasında təhsil, elm və mədəniyyət əlaqələrinin inkişafına töhfə verəcəyi bildirilib. Əməkdaşlıq çərçivəsində ispan dilinin tədrisinin təşviqi, akademik əlaqələrin genişləndirilməsi, birgə elmi və mədəni layihələrin həyata keçirilməsi üçün yeni imkanların yaranacağı qeyd olunub.
İclasda, həmçinin universitetin müvafiq struktur bölmələrinin fəaliyyəti, təhsilin keyfiyyətinin yüksəldilməsi, tədris prosesinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi və elmi tədqiqatların inkişafı ilə bağlı hesabatlar dinlənilib. Müzakirələr zamanı qarşıda duran vəzifələr və universitetin inkişaf strategiyasının həyata keçirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

