“Türkiyədə elmi və pedaqoji fəaliyyət göstərən azərbaycanlı alim Elçin Badaloğlu öz soyadı ilə tanınan iki cərrahi metodun müəllifidir. İstanbul Aydın Universitetində dosent vəzifəsində çalışan alim ağız, diş və üz-çənə cərrahiyyəsi, eləcə də implantologiya sahəsində tədqiqatlar aparır”.
“Tehsil365” xəbər verir ki, bu barədə AzEdu.az-ın Elçin Badaloğlu ilə müsahibəsində məlumat verilib.
Alim müsahibəsində elmi fəaliyyətindən, Türkiyə və Azərbaycanda tibbi təhsilin xüsusiyyətlərindən, rəqəmsal texnologiyaların və süni intellektin tibb sahəsinə təsirindən danışıb.
Elçin Badaloğlu bildirib ki, Azərbaycan Tibb Universitetində təhsil aldığı dövrdə tələbə mübadiləsi proqramı vasitəsilə Türkiyəyə getmək imkanı qazanıb. Təxminən 280 tələbənin iştirak etdiyi seçim prosesində 29 nəfər seçilib və o da həmin tələbələr sırasında yer alıb. Bu təcrübə onun gələcək elmi və peşəkar fəaliyyətində mühüm rol oynayıb.
Alimin sözlərinə görə, Azərbaycan və Türkiyədə tibbi təhsilin həm oxşar, həm də fərqli cəhətləri var. O, nəzəri biliklərin mənimsənilməsi ilə yanaşı, tələbələrin klinik təcrübə qazanmasının da vacibliyini vurğulayıb. Badaloğlu hesab edir ki, həkimin peşəkar hazırlığı üçün nəzəri bilik və praktiki bacarıqlar bir-birini tamamlamalıdır.
Elmi fəaliyyətinin əsas istiqamətlərindən danışan alim ağız, diş və üz-çənə cərrahiyyəsində, xüsusilə sümük toxumasının bərpası və implantologiya sahəsində çalışdığını bildirib. Onun müəllifi olduğu iki cərrahi metod müvafiq klinik hallarda müalicə mərhələlərinin birləşdirilməsinə və vaxtın səmərəli istifadəsinə imkan yaradır.
Elçin Badaloğlu qeyd edib ki, rəqəmsal texnologiyalar və süni intellekt artıq tibbi fəaliyyətin bir hissəsinə çevrilib. Onun fikrincə, bu imkanlardan düzgün istifadə əməliyyatların planlaşdırılmasını asanlaşdırır, bəzi prosedurların müddətini qısaldır və müalicə prosesinin daha səmərəli təşkilinə kömək edir.
Hazırda yeddi doktorantın elmi rəhbəri olan alim gənclərin elmi karyera qurması üçün məqsədlərini düzgün müəyyənləşdirməsini, xarici dilləri öyrənməsini, səbirli və ardıcıl çalışmasını vacib sayır. O, xaricdə təhsil alan azərbaycanlı gənclərin qazandıqları təcrübəni ölkəmizin elmi inkişafına yönəltmələrinin əhəmiyyətini də vurğulayıb.
Qeyd edək ki, Elçin Badaloğlu Türkiyədə fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycanı təmsil etməyi qürurverici hesab etdiyini və beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsinə töhfə verməyə çalışdığını bildirib.

