“Azərbaycan Dillər Universitetinin Türk Dünyası Araşdırmaları Mərkəzi Türk dünyası xalqları arasında birliyin möhkəmləndirilməsi, ortaq mədəni irsin qorunması və dil əlaqələrinin inkişaf etdirilməsi məqsədilə bir sıra layihələr hazırlayıb. Layihələr türk xalqlarının ortaq dəyərlərinin tanıdılmasına və mədəni əməkdaşlığın genişləndirilməsinə yönəlib”.
“Tehsil365” Mərkəzin müdiri Cəlal İbrahimlinin sözlərinə görə, təşəbbüslər sırasında “Türk Dünyası Birliyi”, “Kaşqarlı Mahmud Yolu və Türk Dünyası”, “Türk Dünyasında Şeir”, “Türk Dünyasında Milli Geyimlər”, “Türk Dünyası Dil Film Çevri”, “Türk Dünyası Əl Kitabı” və “Heydər Əliyev və Türk Dünyası” layihələri yer alır.
Layihələrin türk xalqlarının ortaq tarixi, dili, ədəbiyyatı və mədəni irsinin araşdırılmasına, eləcə də bu dəyərlərin gələcək nəsillərə çatdırılmasına töhfə verməsi nəzərdə tutulur. Təşəbbüslər vasitəsilə Türk dünyasının zəngin mədəni müxtəlifliyinin tanıdılması, xalqlar arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi və ortaq irsə marağın artırılması hədəflənir.

