Bakı Ekspo Mərkəzində keçirilən XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsinin dördüncü iş günündə, oktyabrın 24-də ən çox maraq doğuran təqdimatlardan biri böyük şair və mütəfəkkir Hüseyn Cavidin “Hüseyn Cavid – Pyeslər” kitabının Türkiyə türkcəsinə tərcümə edilərək nəşr olunması ilə bağlı idi.
“Tehsil365” xəbər verir ki, üç cilddən ibarət olacaq və Hüseyn Cavidin bütün ədəbi mirasının ilk dəfə tam halda Türkiyə oxucusuna təqdim edəcək kitablar silsiləsinin birincisi artıq yüksək poliqrafik səviyyədə nəşr edilib.
Ekspo Mərkəzinin “Socar Təqdimat zonası”nda baş tutan təqdimat mərasiminin moderatoru, nəşrin redaktoru və “Ön söz”ün müəllifi, akademik Rafael Hüseynov bildirib ki, bu cildin oxucu ilə ilk görüşünün məhz bu gün – oktyabrın 24-də gerçəkləşməsi səbəbsiz deyil. Təqdimat mərasiminin dahi dramaturq Hüseyn Cavidin doğum günündə keçirilməsi mühüm mədəni hadisədir. O deyib ki, Türkiyə türkcəsində ictimaiyyətə təqdim olunan kitab Hüseyn Cavidin fəlsəfi və dərin məzmuna malik dramaturji irsini Türkiyə oxucularına çatdırmaq, klassik ədəbiyyatımızın qardaş ölkədə təbliğini gücləndirmək və mənəvi dəyərləri gələcək nəsillərə ötürmək baxımından böyük əhəmiyyət daşıyır.
Hüseyn Cavidin müsibətli həyatından və ölməz yaradıcılığından bəhs edən akademik Rafael Hüseynov qeyd edib ki, o, yalnız Azərbaycanın deyil, bütöv Türk dünyasının böyük dramaturqu və mütəfəkkiridir. Hüseyn Cavidin dahiliyi yalnız yaratdığı əsərlərdə deyil, həm də sədaqətlə qoruduğu mənəvi dəyərlərdə, azad düşüncəyə bağlılığında, milli kimliyə ehtiramında və türk birliyi idealına inamında təcəssüm edir.
O, Hüseyn Cavidin irsinin daim Ümummilli Lider Heydər Əliyevin diqqət mərkəzində olduğunu söyləyib. Bildirib ki, Ulu Öndər Heydər Əliyev Hüseyn Cavidi Azərbaycan xalqına ikinci dəfə qaytarıb. Sovet ideologiyasının qızğın çağlarında onun nəşinin Azərbaycana gətirilməsini həyata keçirib. Bu, Azərbaycan ədəbiyyatı üçün çox böyük xidmət hesab edilir. Ulu Öndərin siyasətinin davamı kimi Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla Hüseyn Cavidin 125, 130, 135, 140 illik yubileyləri yüksək səviyyədə keçirilib. Hüseyn Cavidin adının və ədəbi mirasının yaşadılması və təbliği yolunda Ulu Öndərin müstəsna xidmətləri nəzərə alınaraq kitab böyük azərbaycanlı Heydər Əliyevin xatirəsinə ithaf edilib.
“Hüseyn Cavidin Türkiyə ilə əlaqələri onun həyatında və yaradıcılığında mühüm yer tutub”, - deyən akademik Rafael Hüseynov qeyd edib ki, şair gənclik illərində İstanbula gedib və İstanbul Universitetinin Ədəbiyyat fakültəsini bitirən ilk azərbaycanlı olub. Ədibin ilk şeirləri hələ XX əsrin əvvəllərində İstanbul mətbuatında işıq üzü görüb.
Cavidin əsərlərindən ibarət hazırlanan “Hüseyn Cavid – Pyeslər” kitabının ikinci və üçüncü cildlərinin də yaxın aylarda nəşr olunacağını söyləyən akademik Rafael Hüseynov bildirib ki, birinci cildə müəllifin altı pyesi daxil edilib. Kitabda, həmçinin geniş müqəddimə və əsərlərə dair elmi şərhlər yer alıb. O, növbəti cildlərdə dramaturqun digər pyeslərinin, daha sonra isə poeziyasının, məktublarının, məqalələrinin və publisistik yazılarının nəşrinin nəzərdə tutulduğunu deyib.
“Bu gün Hüseyn Cavidin əsərlərindən ibarət kitabın təqdimatının onun növbəti böyük qayıdışının başlanğıcıdır. Cavid əbədi deməkdir və əbədi olanların qayıdışları əlbəttə ki, bundan sonrakı yüz illər boyu da daim davam edəcək”, - deyə akademik Rafael Hüseynov bildirib.
Təqdimat mərasimində, həmçinin Azərbaycanın Türkiyədəki Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, Türkiyədəki Mərmərə Universitetinin müəllimi, dosent Mehdi Gəncəli, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Nuranə Əsədullayeva çıxış ediblər.
Samir Abbasov çıxışında rəhbərlik etdiyi Mərkəzin yeni layihələrindən söz açmış, Cavid üçcildliyinin şairin yalnız Türkiyədə deyil, bütün Türk dünyasında daha yaxşı tanınmasında mühüm rol oynayacağını diqqətə çatdırıb.
Mehdi Gəncəli tərcümə üzərində işindən, Cavid pyeslərinin bu tərcümələr vasitəsilə Türkiyə səhnəsində layiqli yerini tutacağından bəhs edib.
Çıxışlarda Hüseyn Cavidin ədəbiyyata gətirdiyi yeniliklərdən, onun çoxcəhətli və zəngin yaradıcılığının Azərbaycan ədəbiyyatı tarixinə yaratdığı yeni mərhələdən bəhs olunub.
Qeyd edək ki, “Hüseyn Cavid – Pyeslər” kitabı Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdində fəaliyyət göstərən Mədəniyyət Mərkəzinin layihəsi əsasında nəşr olunub. Kitabın Türkiyə türkcəsinə çevrilərək hazırlanması Marmara Universitetinin dosenti Mehdi Gəncəliyə məxsusdur.
Bildirilib ki, yaxın vaxtlarda Türkiyədə də elm və mədəniyyət xadimlərinin iştirakı ilə bu nəşrin geniş təqdimatı keçiriləcək.

