Yeni Azərbaycan Partiyasının (YAP) Mingəçevir şəhər təşkilatının 5 saylı ərazi partiya təşkilatında (Mingəçevir Dövlət Universiteti) partiyanın VIII Qurultayından irəli gələn vəzifələrə, yeni strateji hədəflərə və yerli təşkilatların fəaliyyət istiqamətlərinə həsr olunmuş tədbir keçirilib.
“Tehsil365” xəbər verir ki, “AZƏRTAC” -ın bölgə müxbirinin verdiyi məlumata görə, tədbirdə Mingəçevir Dövlət Universitetinin rektoru, YAP Mingəçevir şəhər təşkilatının sədri, universitetin əməkdaşları, partiya fəalları və tələbələr iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin universitetdəki büstü önünə gül dəstələri qoyulub. Tədbirdə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi dərin ehtiramla anılıb.
Tədbiri giriş sözü ilə açan Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov Yeni Azərbaycan Partiyasının VIII Qurultayından irəli gələn vəzifələrin müzakirəsinin, yerli partiya təşkilatlarının fəaliyyətinin gücləndirilməsinin və qarşıya qoyulan strateji hədəflərin həyata keçirilməsinin vacibliyindən söz açıb. Rektor ali təhsil müəssisələrinin gənclərin dünyagörüşünün formalaşmasında, milli-mənəvi dəyərlərə bağlılığının möhkəmləndirilməsində və fəal vətəndaş mövqeyinin inkişafında mühüm rol oynadığını qeyd edib. “Gənclərin təşəbbüslərinin dəstəklənməsi, ictimai fəallığının artırılması və onların cəmiyyətin inkişafında iştirakı əhəmiyyətlidir. Gəncləri dəstəkləmək lazımdır”, - deyə rektor əlavə edib.
Daha sonra YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev “Yeni Azərbaycan Partiyasının Qurultayından irəli gələn vəzifələr və yerli təşkilatların fəaliyyət istiqamətləri” mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, təşkilati fəaliyyətin səmərəli qurulması, partiya üzvləri ilə işin gücləndirilməsi, ictimai təşəbbüslərin dəstəklənməsi və gənclərin partiya həyatında fəal iştirakının təmin edilməsi mühüm istiqamətlərdəndir. 5 saylı ərazi partiya təşkilatının sədr müavini Esmira Cəfərova “Yeni Azərbaycan Partiyasının VIII Qurultayı: tarixi Zəfərdən yeni strateji hədəflərə” mövzusunda məruzə ilə çıxış edib. O, partiyanın inkişaf yoluna, Azərbaycanın qazandığı tarixi nailiyyətlərə və qarşıda duran yeni hədəflərə toxunub.
Qeyd edib ki, əldə olunmuş uğurların davam etdirilməsi, müasir çağırışlara uyğun fəaliyyətin təşkili və partiyanın müəyyənləşdirdiyi strateji istiqamətlərin ardıcıl şəkildə həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır. Mingəçevir Dövlət Universitetinin Tələbələrlə iş şöbəsinin mütəxəssisi Aslan Ələkbərzadə gənclərin ictimai-siyasi həyatda fəal iştirakının, onların bilik və bacarıqlarının, liderlik keyfiyyətlərinin və təşəbbüskarlığının inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Gənclərin milli-mənəvi dəyərlərə bağlı, vətənpərvər və fəal vətəndaşlar kimi yetişməsinin, onların potensialının ölkənin inkişafı naminə səfərbər olunmasının əhəmiyyətini diqqətə çatdırıb.
Tədbir qarşıya qoyulan vəzifələrin həyata keçirilməsində birgə fəaliyyətin, təşkilati işin gücləndirilməsinin və gənclərin ictimai təşəbbüslərinin dəstəklənməsinin əhəmiyyətinin vurğulanması ilə başa çatıb.

