Respublika Gözdən Əlillər Kitabxanası XII Beynəlxalq Kitab Sərgisinin dördüncü günündə də iştirakını davam etdirir.
“Tehsil365” xəbər verir ki, Kitab və mütaliə mədəniyyətinin təbliği, nəşriyyatlar, müəlliflər və kitabxanalar arasında əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyan sərgi müxtəlif kitabsevərləri, ədəbiyyat nümayəndələrini və mədəniyyət sahəsinin təmsilçilərini bir araya gətirir.
Sərgidə iştirak edən Respublika Gözdən Əlillər Kitabxanası öz fəaliyyəti, oxuculara təqdim etdiyi xidmətlər və görmə məhdudiyyətli şəxslərin informasiya resurslarına əlçatanlığının təmin olunması istiqamətində həyata keçirdiyi işlərlə diqqət çəkir. Kitabxananın sərgidə təmsil olunması inklüziv mütaliə imkanlarının təşviqi, audiokitab resurslarının əhəmiyyətinin vurğulanması və kitabxana xidmətlərinin daha geniş auditoriyaya tanıdılması baxımından xüsusi əhəmiyyət kəsb edir.
XII Beynəlxalq Kitab Sərgisində iştirak kitabxananın mütaliə mədəniyyətinin inkişafına, kitabın cəmiyyətdə rolunun gücləndirilməsinə və hər kəs üçün bərabər informasiya imkanlarının təşviqinə yönəlmiş fəaliyyətinin təqdimatı üçün əlverişli platformadır.
Respublika Gözdən Əlillər Kitabxanası sərginin növbəti günlərində də kitabsevərlərlə görüşləri və öz fəaliyyətinin tanıdılması istiqamətində iştirakını davam etdirir.

