Özbəkistanın Xarəzm vilayətinin Xivə şəhərində keçirilən “Oydin Gurunglar” beynəlxalq yaradıcılıq forumu çərçivəsində Azərbaycan aktyorlarının ifasında dramaturq İsmayıl İmanın pyesi əsasında hazırlanmış “Omid” tamaşası nümayiş etdirilib.
“Tehsil365” AZƏRTAC-a istinadən xəbər verir ki, tamaşa qərb miqrasiya populyasiyasının sonuncu ağ durnası kimi təqdim olunan Omidin taleyindən bəhs edir. Əsərdə durnanın Qərbi Sibirdən başlayaraq Xəzər dənizinin sahilləri boyunca Rusiya, Qazaxıstan, Azərbaycan və İran ərazilərindən keçən köç marşrutu, eləcə də İranın şimalındakı Fereydunkenarda qışlaması təsvir olunur.
Köç yollarında brakonyerlik, bataqlıqların qurudulması və yuvalama yerlərinin itirilməsi tamaşanın əsas mövzularındandır. Səhnə əsərində təbiətin, ekoloji tarazlığın və nadir canlı növlərinin qorunmasının vacibliyi ön plana çəkilib. Təbiətə həssas münasibət və ekoloji məsuliyyət ideyalarını əks etdirən tamaşa izləyicilər tərəfindən maraqla qarşılanıb.
Oktyabrın 25-dək davam edəcək “Oydin Gurunglar” beynəlxalq yaradıcılıq forumunun əsas məqsədi müxtəlif ölkələrin mədəniyyət xadimlərini və yaradıcı kollektivlərini bir araya gətirmək, beynəlxalq mədəni dialoqu inkişaf etdirmək və yaradıcılıq sahəsində əməkdaşlığı genişləndirməkdir. Forum çərçivəsində teatr tamaşaları, ədəbi görüşlər, musiqi proqramları, sərgilər və ustad dərslərindən ibarət silsilə tədbirlər təşkil olunub.

