20 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının I təsnifat mərhələsi çərçivəsində keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında iştirak edib.
“Tehsil365” AZƏRTAC-a istinadən xəbər verir ki, Gürcüstanın Rustavi şəhərində təşkil olunan yarışda baş məşqçi Gökhan Edmanın rəhbərlik etdiyi yığma A qrupunda Polşa və Latviya komandaları ilə qarşılaşıb. Millimiz hər iki görüşdə məğlub olub.
B qrupunda isə Ukrayna, Ermənistan, Estoniya və Gürcüstan yığmaları mübarizə aparıblar. Beşinci yer uğrunda görüşdə Gürcüstan millisi ilə üz-üzə gələn Azərbaycan komandası rəqibini 3:1 hesabı ilə məğlub edərək turniri beşinci pillədə başa vurub.
Final qarşılaşmasında Polşa yığması Ukrayna komandasına 3:2 hesabı ilə qalib gələrək EEVZA çempionu olub. Polşa millisi bu nəticə ilə 2027-ci ildə keçiriləcək Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.

